Deyim
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Araz Yaquboğlu, "Daşkənd və daşkəndlilər", Bakı, "Hərbi Nəşriyyat", 2012.

Ərzandan çıxanda balta götürdü,
Salmanın oduna getdiyin deyim?
İstidə Salmana su vacib oldu,
Başından qəzalar ötdüyün deyim.

Salman suya gedib rəxtin buraxdı,
Minacat eyləyib haqqa düz baxdı.
Kükrəyib meşədən bir atlı çıxdı,
Xırxanın üstündə yatdığın, deyim.

İnanın bu sözə, cənnətdir səkkiz,
İnanmayanın yeri cəhənnəm hərgiz.
Salmanın əlində bir dəstə nərgiz,
O, atlıya niyaz verdiyin deyim.

Məmmədhüseynəm, uca dağda qar idim,
Bağçalarda heyva idim, nar idim.
Düz yetmiş il səndən qabaq var idim,
Söz gəlib aradan ötdüyün deyim.