Deyinən
Deyinən Müəllif: Aşıq Alı |
Mənbə: Aşıq Alı. Əsərləri (PDF) (az.). "Avrasiya press". 2006. ISBN 978-9952-421-82-8. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25. |
Qasid, gedər olsan bizim ellərə,
Bu naməni o canana deyinən.
Qohum-qardaş, dost-müsahib olanlar,
Göz dikməsin başqa yana deyinən.
Durub o yollara varandan sonra,
Sən bizim elləri görəndən sonra,
Bu dilsiz naməni verəndən sonra,
Dilcavabı yana-yana deyinən.
Bülbüləm qonmaram qeyri güllərə,
Yarım el verməsin özgə əllərə,
Aşıq Alı düşdü tozlu yollara,
Yolum düşdü Alosmana deyinən.