Didələrim qan ağlayır
Didələrim qan ağlayır Müəllif: Aşıq Nəsib |
Mənbə: Əskər Nailə. Aşıq Nəsibin yaradıcılıq yolu. Bakı, "Elm və təhsil", 2016 |
Didələrim qan ağlayır,
Nazlı yarı itirəndən.
Qəhərlənib tez doluram,
Ürək vərəm gətirəndən.
Bəlliyəm oba-elimdə,
Baharın adı dilimdə.
Ah çəkirəm saz əlimdə,
Yarı yada ötürəndən.
Şuxluq heç vaxt gülə qalmaz,
Solar, aya, ilə qalmaz.
Nəsib yanar, belə qalmaz,
Eşq sevdasın bitirəndən.