Dilə sən
Dilə sən Müəllif: Aşıq Pəri |
Cəfərqulu xan Nəvaya Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Eşitmişdik, qulluğuna yetişdik,
Gördük ki, düşmüsən dildən-dilə sən.
Unutmayıb müsəlmanlıq şərtini,
Matəm tutub bir insafa gələsən.
Bu işdə Qədirin varıdır payı,
Yetən kəslər ona deyir sevdayı.
Aralığa düşüb məhərrəm ayı,
Layiq deyil onda deyib-güləsən.
Yaxşı yetər imamı fəryadına,
Belə işin ləzzəti nə, dadı nə?
Adam bildik biz də gəldik adına,
Adamlığı qanmayıbsan hələ sən.
Ey Pəri, təcil et sualında sən,
Nöqsan yetiribsən kəmalında sən,
İndi zurna çalmaq xəyalındasan,
Onu gərək axirətdə çalasan.