Dilənçi və xəsis (nağıl)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dilənçi və xəsis
Müəllif: Şifahi xalq ədəbiyyatı


Qoca dilənçi tanımadığı bir kəndə gələrək böyük, qəşəng bir evin qapısını döydü. Bu evin yanında qapısından yekə qıfıl asılan hündür bir ahbar vardı. Bu evdə isə öz xəsisliyi ilə bütün mahalda yaxşı tanınan bir dövlətli yaşayırdı. O çox dövlətli olmağına baxmayaraq, heç vaxt heç kəsə əl tutmazdı.

– Sən mənə bir parça piy, ya bir az süd verə bilərsənmi? – deyə dilənçi ona ağız açdı.

– Yox, verə bilmərəm! – deyə xəsis acıqlandı. – Rədd ol burdan!

– Bəlkə səndə bir ovuc buğdadan, paxladan tapıldı? – deyə acından rəhmsiz adamların qarşısında alçalmağa məcbur olan qoca sözünə davam etdi.

– Mənim heç nəyim yoxdur, – deyə xəsis cavab verdi.

– Onda mənə bir tikə çörək ver, sənə duaçı olaram, – deyə dilənçi ondan xahiş etdi.

– Get, mənim çörəyim yoxdur! – cavabını eşitdi.

– Onda, heç olmasa mənə bircə qurtum su ver. Susuzluqdan ciyərim yanır, – deyə qoca yalvardı.

– Mənim suyum yoxdur! – deyə xəsis cavab verdi.

Dilənçi dedi:

– Ay oğul, onda daha burada niyə oturmusan? Dur ayağa, düş qapılara, mərhəmətli adamlardan pay dilə! Sən ki, məndən də kasıbsan!