Dil eşq yolunda zar olubdur

Dil eşq yolunda zar olubdur
Müəllif: Abbasqulu ağa Bakıxanov
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.


Dil eşq yolunda zar olubdur,
Bir gül həvəsində xar olubdur.

Xunabə dönübdü rəngi-zərdim,
Bu gülşən üçün bahar olubdur.

Dövrani-fələk müxalif olmuş,
Can düşməni-ruzigar olubdur.

Dilbər qəmi, dustlar fəraqi,
Dərdim bir ikən həzar olubdur,

Mən etmə kəlamım olsa dilsuz,
Söz mənşəi pürşərar olubdur.

Xunin ciyərim bəsani-lalə,
Əfsurdəvü dağidar olubdur.

Qəm bihədü dərd banihayət,
Möhnət dəxi bişümar olubdur.

Hicran sitəmi alıb qərarım,
Gün nuri gözümdə tar olubdur.

Hicrində düşüb bəlayə, Qüdsi,
Sərgəştəvü biqərar olubdur.