Dil ki, sərmənzili ol zülfi-pərişan olmuş
Dil ki, sərmənzili ol zülfi-pərişan olmuş Müəllif: Məhəmməd Füzuli |
xxx
Dil ki, sərmənzili ol zülfi-pərişan olmuş,
Nola cürmi ki, asılmasına fərman olmuş.
Şahisən mülki-məlahətdə, sənə qullar çox,
Biri oldur ki, varıb Misrdə sultan olmuş.
Rəhm edib aşiqini həşr günü yaqmayalar
Ki, bu dünyada əsiri-qəmi-hicran olmuş.
Dedilər qəm gedirər badə, çox içdim, sənsiz
Qəmi-hicranə müfid olmadı ol qan olmuş.
Bağibani-çəməni-dəhrə xəyali-dəhənin
Səbəbi-tərbiyəti-qönçeyi-xəndan olmuş.
Adəm əvvəl səri-kuyin verib almış cənnət,
Eşidib təni-mələk, sonra peşiman olmuş.
Ey Füzuli, mənim əhvalimə bir vaqif yox,
Böylə kim, aləm onun hüsnünə heyran olmuş.