Dil meylini bir türreyi-şəbgirə salıbdır

Dil meylini bir türreyi-şəbgirə salıbdır
Müəllif: Mirzə İsmayıl Qasir
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13.

Dil meylini bir türreyi-şəbgirə salıbdır,
Divanəyə bax, kim özünü girə salıbdır.

Nahəq yerə saldı özünü dami-bəlaya
Bu qana bulaşmış məni təqsirə salıbdır.

Könlüm yüzünün Kəbəsinin tövfinə getcək,
Şam əhli tutubdur onu, zəncirə salıbdır.

Əfsunkəri-çeşmin Hələbi-arizin içrə,
Çəkmiş həbəşi qulları təsxirə salıbdır.

Dün guşimə bir nalə səsi yetdi çəməndən,
Bu nalə mənim könlümü təsirə salıbdır.

Dil verdi sənin zülfi-pərişanına dilbər,
Xali-siyəhin Qasiri təzvirə salıbdır.