Dil uzadır bəhs ilə ol arizi-xəndanə şəm
Dil uzadır bəhs ilə ol arizi-xəndanə şəm Müəllif: Məhəmməd Füzuli |
Dil uzadır bəhs ilə ol arizi-xəndanə şəm,
Od çıxar ağzından, etməzmi həzər kim yanə şəm.
Nola qeyrət atəşi canım əritsə mum tək,
Bu nə sözdür kim, demişlər arizi-cananə şəm.
Arizi-canan ilə bəhsi-kəmali-hüsn edər,
Dil ucundandır ki, hər saət düşər nöqsanə şəm.
Kah ayağı bağlı, gah boynu, nədəndir bilməzəm,
Bir pəri eşqində olmuşdur məgər divanə şəm.
Nola canım qamətin istərsə, könlüm arizin,
Rəsmdir aləmdə bülbül gül sevər, pərvanə şəm.
Qıl şəbistanı münəvvər kim, nisarın qılmağa
Riştədən dürlər çəkib cəm eyləmiş damanə şəm.
Ey Füzuli, şövqdən yaxdın tənin ruzi-visal,
Netdin, ey qafil, gərəkməzmi şəbi-hicranə şəm.