Dilbər (Aşıq Alı)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Dilbər (Aşıq Alı) Müəllif: Aşıq Alı |
Mənbə: Niftalı Göyçəli. "Göyçə ustadları" (antologiya), I hissə (PDF) (az.). Bakı: "Elm və təhsil". 2017. ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-23. |
Bir bağda bülbül olmasa,
Gülün nə mənası, dilbər?
Şəhdi-şəkər əzilməsə,
Dilin nə mənası, dlbər?
Ala gözlər süzülməsə,
Baxan canlar üzülməsə,
Dal gərdənə düzülməsə,
Telin nə mənası, dilbər?
Ocaq yanmaz qalanmasa,
Bağ quruyar sulanmasa,
Qulac qollar dolanmasa,
Belin nə mənası, dilbər?
Yar dönüb belə gəlməsə,
Qayıdıb elə gəlməsə,
Sonası gölə gəlməsə,
Gölün nə mənası, dilbər?
Alı neylər dəşt olmasa,
Hərdən seyri-gəşt olmasa,
Məcnunu sərgəşt olmasa,
Çölün nə mənası, dilbər?