Dilbər (Aşıq Valeh)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Dilbər Müəllif: Aşıq Valeh |
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11. |
Durum, dolanım başına,
Aşığından küsən dilbər.
Üzüm sürtüm göz-qaşına,
Nə mən dinim, nə sən dilbər.
İtirmişəm maralımı,
Bir sinəsi yaralımı,
Gündüz səbrü qərarımı,
Gecə yuxum kəsən dilbər.
Bu nə adətdi insanda,
İxtiyar qoymadı canda,
Bu zülm olmaz, müsəlmanda,
Kafərmisən, nəsən dilbər?
Görmədim mən, sən tək yağı,
Sinəmə çəkmisən dağı,
Qara geyim mən, sən ağı,
Görən desin usan, dilbər.
Valeh, əzəldən bəy idi,
Qaşların qəddini əydi,
Mən nə dedim, sənə dəydi,
Bu mən dilbər, bu sən dilbər.