Dilbəra, dərdimə dərman səndən özgə kimsə yox
Dilbəra, dərdimə dərman səndən özgə kimsə yox Müəllif: Şah İsmayıl Xətai |
Dilbəra, dərdimə dərman səndən özgə kimsə yox,
Həm dəxi könlümdə iman səndən özgə kimsə yox.
Hicr evində mən kiminlə həmdəm olum, ey sənəm,
Könlümün şəhrində mehman səndən özgə kimsə yox.
Xızr tək zülmətdə qaldım, bir mədəd qıl tanrıçün,
Təşnə içün abi-heyvan səndən özgə kimsə yox.
Hər nə kim, hökm eyləsən, eylə mənə, ey eşqi-yar,
Könlümün təxtində sultan səndən özgə kimsə yox.
Bu Xətai xəstənin vergil muradın, ya ilah,
Kim, mənə lütf ilə ehsan səndən özgə kimsə yox.