Dilim (Şair Ağacan)
Dilim Müəllif: Şair Ağacan |
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023. |
Daha sənə çox ixtiyar vermirəm,
Durmursan yerində farağat, dilim.
Danışanda ziyanını çəkirəm,
Açırsan başıma əlamət, dilim.
Kim nə desə, cavabında hazırsan,
Canıma, cismimə qəbir qazırsan,
Hərdən toxunmalı şeir yazırsan,
Hər yetənlə olmaz zarafat, dilim.
Ağacan keçibdir çox tarixləri,
Şüəra elmindən dolubdur səri,
Otuz iki dişdir dilin çəpəri,
Dolandır başını salamat, dilim.