Dilimiz (Əhməd Cavad)
Dilimiz (Əhməd Cavad) Müəllif: Əhməd Cavad |
Mənbə: Əhməd Cavad. "Seçilmiş əsərləri" (PDF) (az.). Şərq-Qərb. 2005. 2018-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-27. |
Baxaq dilimizə, nələr görünür?
Oxuyub anlamaq yazmaqdan gücdür.
Yazan düşünmədən yazsa da belə,
Oxucu beş-on gün gərək düşünə:
Ki, anlasın bu söz ərəbmi, farsmı?
О ki, qaldı məna... anlayan hanı.
Çoxları anlamaz millətdən, aydın,
Bircə parçasını şair yazanın.
Gün oldu şairlər, göyə çıxdılar,
Bu yazıq millətə ordan baxdılar.
“Od” etmədi, yağdı “atəş” başına,
“Siyah” qondardılar “qara” qaşına.
Alınır “dil”ləri “zəban” verilir,
Ismarlanıb “baran”, “yağmur” kəsilir.
“Ağ”ları “bəyaz”a, “sarı”sı “zərd”
Döndü. Can dayanmaz bu ağır dərdə.
Dəyişdi hər şeyi, “bum ” oldu “bayquş” ,
“Əlbəse” geyildi, “paltar” qaldı boş.
“Düzlüy”ün yerində bir “istiqamət”
Görərək, yeməli, zənn etdi millət.
Çalındı “qardaşı” gəldi “bəradər”,
“Bacı”nın yerində “həm şirə” gezər.
Nədir bu qiyamət, nə işdəsiniz?
Ey bizim qocaman ədiblərimiz?
Yaxasından tutub bu “el oğlunu”
Fars ilə ərəbin bir “həm vətən”i
Şəklinə soxdunuz, baxınız sonra,
Oxunacaq lənət belə yazana!