Dilimiz (Aşıq Alı)
Dilimiz (Aşıq Alı) Müəllif: Aşıq Alı |
Mənbə: Niftalı Göyçəli. "Göyçə ustadları" (antologiya), I hissə (PDF) (az.). Bakı: "Elm və təhsil". 2017. ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-23. |
Nisgillinin ürəyindən
Apardı dərdi dilimiz.
Xəstənin, naəlacına
Dərmanın verdi dilimiz.
Bir sözü yüz mənalıdır,
Gör necə sirdir dilimiz.
Mətahını ucuz satma,
İncidi, dürdü dilimiz.
Məclis qurdum oba-oba,
Donluq verib donladılar.
Dolandım Bəsrə-Bağdadı,
Salam verdim, anladılar.
Gəzdim İranı, Turanı,
“Qardaş” -deyib, yanladılar,
Osmanlıda türkü dedim,
Gördülər birdi dilimiz.
Bənzədibdi Aşıq Alı
Ləfzidə bülbülə onu.
Oxuyuban avaz ilə,
Tanıdar hər elə onu.
Toxunan olsa bəndində,
Qərq eyləyər selə onu.
Daşanda görmə üzünü,
Arazdı, Kürdü dilimiz.
- “Kommunizm yolu” qəzeti, 14 iyul 1983-cü il.