Bir əldə göz yaşım, birində namə,
Zikr edirəm bir ağanı dilimnən.
Bir gün yetər çarxı-gərdiş tamama,
Səslənərəm o sübhanı dilimnən.
Sərsəri cəfadan düşmüşəm ləngə,
Kəsilib ümidim nam ilə nəngə.
Qəza gətdi saldı məni bu təngə,
Çağırıram Mustafanı dilimnən.
Xəlq edib nurundan allahüs-səməd,
Məhəmməd dedi ol vahidəl əhəd
Qiyamət şəfisi, namıdı Əhməd,
Söyləmişəm bol üsyanı dilimnən.
Keçib gədərdənimə qəza kəməndi,
Gəzdirir aləmi, həm şəhri, kəndi.
Bir şahi-qəzənfər dada yetəndi,
Vird edirəm Mürtəzanı dilimnən.
Sən ey şiri-xuda, heydari-kərrar,
İstəsən, ay ağa, bircə ərzim var:
Bu Novrəs İmanı müşgüldən qurtar,
Vəsf eyləyim bu sövdanı dilimnən.