Dirilik/Milli Dirilik II
←Milli Dirilik I | Dirilik. Milli Dirilik II (1914) Müəllif: Məhəmməd Əmin Rəsulzadə |
Milli Dirilik III→ |
Həm mötərizə, həm də kursiv içində olan bütün qeydlər müəllifə aid olmayıb, özündən əvvəlki ifadənin izahıdır. Kursiv içərisində olmayıb, mötərizə daxilində olab ifadələr müəllifə məxsusdur. Mənbə: “Dirilik” N3, 14 oktyabr 1914 |
Birinci məqaləmizdə başqalarını təmsil üçün deyil, öz mənliyini mühafizə üçün çalışan millətpərəstliyin mədəniyyəti-bəşəriyyə naminə təqdir və təqdis olunmalı (müqəddəsləşdirilməli), zəruri və faydalı böyük bir fikir olduğunu söyləmiş və məqaləmizə xitam vermişdik. Millətpərəstliyin və milli diriliyin nə olduğunu yaxşıca bilmək üçün əvvəlcə millətin nə olduğunu öyrənmək və onu öyrənmək üçün nə kimi vasitələrə rücu etmək (müraciət etmək) lazım olduğunu anlamaq gərəkdir. Bizdə “millət” kəlməsinin mənası çox yanlış bir surətdə tələqqi (qəbul) edilməkdədir. Nə qədər ali təhsil görmüş, mədəni həyat və mədəni məmləkətlər görmüş adamlarımıza təsadüf edərsiniz ki, hansı millətdənsiniz, deyə verəcəyiniz suala: “müsəlmanam” — deyə cavab verir. Və bu cavabın heç də namüvafiq olduğunu düşünməz. Halbuki, həmən adam özü bir nəfər rusa “tı iz kakoy natsii” ("rusca:sən hansı millətdənsən?") - deyə verdiyi suala “xristianin” cavabını alsa, məzkur (deyilmiş) cavabı olduqca gülünc və cavab verən şəxsin cəhlinə (cahilliyinə) dəlil tutar. Əslində bizdə “ümmət” kəlməsilə “millət” kəlmələrinin fərqi ayrılmamışdır. Bəlkə də qədimdə “ümmət” ilə “millət” arasında fərq olmayıb, qövmiyyət və cinsiyyət caməsini andıran “millət” kəlməsi həmkiş və həm dinlik caməsinə elm olan “ümmət” kəlməsilə qarışmış və “milləti-islam” təbiri məşhur olmuşdur. “Millət”i nasyon (natsiya) mənasına alacaq olursaq, bu heç də həmdinliyi bildirməz. Bu, dindaşlıqdan əlavə bir çox “daşlıqları” da came olduğu kimi, bilxassə dil birliyini lazım gətirər. Mənaye-müasiri ilə “millət” kəlməsi iştə bu dilbirliyindən hasil olan camiyyəti ifadə edir. Fəqət başlıca dil birliyindən ibarət olmaqla bərabər millət məfhumu başqa xüsuslara da şamildir. Avropa qamusları “millət, nasyon” kəlməsini bu surətlə tərif edərlər: “İnsanların əxlaq əsasları üzərinə qurulmuş ittihadlarının böyük bir şəklinə “millət” deyilir. Millət daxilində olan müxtəlif heyətlərin bir-birlərilə bərabər yaşamasına müttəhid (birləşmiş), bir dirilik keçirmələrini arzu etmələri şərt olduğu kimi, o cameəyə daxil olan bəzi heyətlərin digərinə təsəllüt etməməsi (narahat etməməsi) də əlzəmdir. Şəraiti-tarixiyyə “millət”in dövlət şəklindəki mövcudiyyətinə mane olsa da, mədəni və ədəbi şəkildəki zühuri hər halda mümkündür. Məsələn, əcnəbilər tərəfindən parçalanmış qitə-qitə olunmuş İtaliya heç bir zaman milləti-vahidə olmaqdan qalmadığı kimi, indiki halda üç dövlət arasında bölünmüş olan lehləri kəmali cəsarətlə bir millət saymaq olar. Öz-özlüyündən məlumdur ki, birliyi dərk eləmək və onu arzu eləmək tarixi bir zəmində və insanların tədricən qövmiyyətdən milliyyət və milliyyətdən də millət dərəcəsinə çıxmaları ilə hasil oluyor”. Burada işlənilən qövmiyyət, milliyyət və millət sözlərinin fərqini isə qamuslar böylə təyin edirlər: “Qövmiyyət-narodnost” yalnız nəsl və dil birliyi; “Milliyyət-natsyonalnost” dil və mədəniyyət-birliyi və “millət-natsiya” da mədəniyyət və milli diriliyi dərk etməklə hasil olar. Yəni bir ata-babadan yetişmə və bir dildə danışan kiçik bir tayfa və yа qövmə - qövmiyyət sözü itlaq olunar: Şahsevən kimi Şahsevəndən bəhs edərkən bir qövmdən bəhs olunar. Artıq Şahsevən milliyyəti deyilməz. Bir çox bu kimi qövmiyyət və tayfalər cəm olub bir dil ilə bərabər müəyyən bir mədəniyyətə malik olan azərbaycanlılardan bir milliyyət kimi bəhs etmək olar. Şimali türk-tatar, Krım, Türküstan, Azərbaycan və Qərb türkləri osmanlıları cəm və milliyyətlərin bir neçə böyük şəklinə haiz olan cameyyətə isə “millət” kəlməsi verilir. İştə bu surətlə slavyan, german millətlərinə müqabil vəz oluna biləcək kəlmə türk, fars və ərəb kəlmələri ola bilər. Müsəlman və yаxud islam kəlməsi deyil, bunlar ancaq isaviyyətlə xristianlıq kəlmələrinə müqabil qoyula bilərlər. ”Milliyyət” və ”millət” sözlərinin qəlibi bu surətlə tərif olunduqdan sonra əsl milliyyət və yаxud milləti və onun məfhumunu vücuda gətirən ünsürlərdən bəhs edəlim. Milli mədəniyyət və yаxud millət, dil birliyi, adət və əxlaq birliyi, ənənati-tarixiyyə və nəhayət etiqadati-diniyyə birliklərinin məcmuundan mütəşəkkil bir məhsuldur. Əgər millətin haiz (sahib) olduğu əczalarını biri-birindən ayırıb aralarında bir nisbət təyin edəcək olurlarsa, yüzdə əqəllən səksən dil birliyi olduğunu rəna görürlər. Dil millətin böyük hissəsidir. Onun zahiri və batinidir. Millətləri biri-birindən ayıran ən böyük əlamət, iştə bu dil damğasıdır. Millət təşkilində ənənati-tarixiyyənin də böyük mədxəliyyəti (əlaqəsi) vardır. Fəqət bəzən bu ənənə millətin ittihadına rəxnə (zərər) yetirəcək bir şəkildə də ola bilər. Halbuki dil ilə dində bu cəhət olamaz. Fəqət din cəhəti yеnə dil qədər mətin və möhkəm hesab oluna bilməz. Çünki dil daimidir, baqidir. Tərəqqi və təkamül edirsə də, əsaslı bir etilaf və təğyirə (dəyişikliyə) uğrayamaz. Halon ki (halbuki), tarixdə bir çox dinlər dəyişmiş olan millətlər mövcuddur. Zatən heç bir millət yoxdur ki, dinin kərratla (dəfələrlə) dəyişmiş olmasın. Məəmafih (bununla birlikdə), əxlaq və adət üzərindəki fövqəladə təsiri nöqteyi-nəzərindən dinin də millətdə böyük iştirakı vardır. Dil ilə bərabər dində də bir olan millətlərin mərifəti-qövmiyyətləri daha tez hasil olub, aralarında milli vicdan daha əvvəl inkişaf ediyor. Millətlərin həyatı da ancaq bu milli vicdanın inkişafı sayəsində mümkün olub, ancaq bu vicdanın təsirilədir ki, milli ideal hasil oluyor. Milli idealın — imanın hüsulu ilədir ki, millətlər özlərinə şanlı, şərəfli bir dirilik təmin edə bilərlər. Sairə yerlərin müsəlmanları kimi, biz Rusiya müsəlmanları milliyyətdən əvvəl din cəhətinə əhəmiyyət verdik. Bütün hərəkati-tərəqqipərvəranəmizdə din naminə dirilik göstərmək istədik. Türkcə qəzetə çıxardıq — adına müsəlman qəzetəsi dedik. Türkcə teatrlar, operalar düzəltdik — ünvanlarını müsəlman teatrosu və müsəlman operası dedik. Məktəb açdıq rus-müsəlman məktəbi namini verdik. Cəmiyyətlərimizin sifətləri yеnə “müsəlman” kəlməsindən ibarət oldu. Halbuki elədiklərimizin hamısı türkcə olub və türk asari-mədəniyyəsini diriltmək üçün idi. Müsəlmanlığın ibtidai təsirindən gələrək biz özümüzü müsəlman adlandırdığımızdan əsil milliyyətimizin ünvanını təşkil edən türklüyə əhəmiyyət verməmiş, həman “müsəlman” adına qənaət eləmiş idik. Hələ də etməkdəyiz. Hələ bu qənaətlə də qalmamışıq, başqaları bizə “tatar” və “persiyan” demişlər, ona da etiraz etməmişik. Bu tamamilə ondan gəlmiş ki, biz özümüzü necə ki lazımdır tanımamışıq. Özümüzü əməllicə tanımış olsaydıq və milli diriliyin nə kimi əsaslar üzərinə qurulması lazım olacağını kəmayənbəği (lazımi qədər) bilsəydik, əlbəttə ki, “müsəlman operası” deməyəcək, bunun “xristyanskaya opera” qədər gülünc bir şey olduğunu dərk edəcək idik. Öylə də türk səhnəsinin opera artisti olmaqla iftixar etdiyimiz halda, nami-müstəar ittixaz edərkən (ləqəb alarkən) “ski”ədatına ehtiyac göstərməyib Ağdamski, Sarabski əvəzinə Ağdamlı, Sərablı deyəcəydik. Öylə də “müsəlman səhnəsi” deyil “türk səhnəsi” deyəcək və baş faciə oynayanımız Ərəblinski deyil, Ərəbli olacaqdı. Fəqət bu kimi xüsuslar milli ruhun əsaslı bir surətdə inkişaf etməsi ilə, milli vicdan və milli imanın hüsulə gəlməsi nəticəsində bittəb (təbii olaraq) öz-özündən düzələcəyindən böylə bir vicdan və imanın nə surətlə hasil olacağından da bəhs olunmalıdır. Bu xüsusda da gələn nömrədə.