Doğar
Doğar (09.04.2021) Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]] |
Yaxşılıqdan yaxşılıq, pislikdən ancaq şər doğar,
Qum yeyər ilbiz, sədəfdən bax nasıl mərmər doğar!
Qəm yeyər aşiq, gözündən bağçaya qan-yaş tökər,
Qanlı yaşdan bağçada al qırmızı güllər doğar.
Nər salar meylin, maya eylər qəbul saf sevgini
Nər-maya cırtdan doğurmaz, nərdən ancaq nər doğar!
Dildə sevgi kəlməsin təkrar edən çoxdur, vəli –
Bir Əli eşqində can qurban edən Qənbər doğar!
Əqd edəndə ağ kağızla Şeyx Nizami xaməsi,
Leyli, Şirinlə Nüşabə, bir də həft peykər doğar.
Ay mələklər, qoymayın şeytanları toy qurmağa –
Şeytanın şadlıq günündən dünyada məhşər doğar…
Bilmək olmaz, boşmu çəkmiş zəhməti, yazmış qəzəl –
Teymurun kompüterindən bir də gördün – zər doğar!