Dolana bilməz
Dolana bilməz Müəllif: Aşıq Alı |
Xəlləqul-aləmin budur qərarı,
Qış olmasa, bahar dolana bilməz.
Ər kişi vətəndən düşsə aralı,
Ah çəkib saralar, dolana bilməz.
Dost bağında qönçə kimi bitməyən,
Gül üstündə bülbül kimi ötməyən,
Vədə verib, ilqarına yetməyən,
Vədəsiz qocalar, dolana bilməz.
Bəlalı başımı alıb dumanlar,
Alçalın, siz Allah, əyilin, dağlar!
Müddətdir, yolumu gözləyənim var,
Heç iyit biilqar dolana bilməz.
Mərdlərin biriynən tutmuşam bəhsi,
Xudam, iltimasa çəkmə heç kəsi!
Alı-türki-zəban, Əli şiəsi,
Dərgahından kənar dolana bilməz!