Əylən, bir söz deyim, ey gülüzarım,
Var könlümün bir bazarı, dolannam.
Hərdən, birdən düşür mənim güzarım,
Məhlənizə yol kənarı dolannam.
Üç hərfə nəqş olub ismin ayası,
Oxuram, açılsın qəlbim aynası.
Müxənnət əyyamın yoxdu vəfası,
Verib mana ahu zarı, dolannam.
"Rey" rəhminən xəlq eləyib kirdigar,
"Vav" salıb canıma eşqin aşikar.
"Sin" salam eylə bir tuti dilin var,
Çox çəkirəm intizarı, dolannam.
Hərcayı insana hədyan deyərlər,
Dərd əhli olana nadan deyərlər,
Götürüb dalınca böhtan deyərlər,
Yox dünyanın etibarı, dolannam.
Şövq əhli, xəyalın, həm özün cavan,
Eşit nəsihəti, sözlərimi qan,
İşarət eyləyir Novrəstə İman,
Saxlamışam düz ilqarı, dolannam.