Dovşanın qulaqları niyə uzundur?
Dovşanın qulaqları niyə uzundur? Müəllif: Şifahi xalq ədəbiyyatı |
Bir dəfə Dovşanla Qoyun rast olurlar. Qərara aldılar ki, ömürləri boyu bir-birindən ayrılmasınlar. Qoyun Dovşana dedi:
- Gəl, özümüzə koma tikək.
- Tikək də. Nə deyirəm?
Ertəsi günü Dovşanla Qoyun meşəyə taxta-şalban dalınca getdilər. Enli, gövdeli bir ağaca yaxınlaşdılar. Qoyun dedi:
- Mən bu ağacı kökündən qırıb, yerə yıxaram.
- Qıra bilməzsən?
- İndicə qıraram, görərsən.
Qoyun dal-dalı qaçıb ağaca bir kəllə vurdu. Ağac tappıltı ilə yerə yıxıldı.
Dovşan fikirləşdi, ağac qırmaq nə asanmış? Bunu mən də bacararam. Onlar başqa ağaca yaxınlaşdılar. Dovşan dedi:
- Bu ağacı mən də qıracağam.
Qoyun gülü-gülə dedi:
- Bacarmazsan.
- Mən qırım, sən də tamaşa elə.
Dovşan dal-dalı qaçıb alnını zərblə ağaca vurdu. Ağac tərpənmədi. Dovşanın başı isə çiyinləri arasına keçdi. Qoyun dostuna kömək etmək üçün yaxına gəldi.
- Möhkəm dur, qulaqlarından tutub başını çiyinlərindən çəkib çıxardacağam.
Qoyun Dovşanın qulaqlarını buraxmadı. Dovşanın başını çiyinlərindən dartıb çıxartdı. Qulaqlarını isə az qala yerindən qoparacaqdı. O, vaxtdan bəri Dovşanın qulaqları uzundur.