Dovşan və fil
Müəllif: Şifahi xalq ədəbiyyatı


Keçmiş zamanlarda çox ağıllı bir dovşan varmış. Dovşan lap balaca olanda göl qırağına oynamağa gedibmiş. Bu gölün suyu göz yaşı kimi dupduru imiş. Ətraf meşələrin heyvanları bu göldən su içməyə gələrmişlər.

Göldən bir azca aralı, vaxtı ilə “Traç” adlı enli və uzun bir ağac varmış. İnsanlar bu ağacı kəsib odun doğramışdılar. İndi o ağacın qatran atmış kötüyü qalıbmış.

Dovşan bu enli və rahat kötüyü görür, sıçrayıb onun üstündə oturur. O saat qatrana yapışıb qalır. Yazıq dovşan yerindən tərpənib qımıldana bilmir.

O bərk qorxur və belə qərara gəlir ki, elə yəqin, burada da öləcəkdir. Dovşan kötüyün üstündə oturub ürəyindən qara qanlar keçirir. Birdən görür ki, fil meşədən çıxıb su içmək üçün gölə tərəf gəlir. Dovşan o saat öz-özünə deyir: “İndi bu fil məni buradan xilas edər!”

Dovşan qışqırır:

– Ey fil, bu suyu içmə! Ağa mənə suyu qorumağı tapşırıb!

Fil onun sözünə fikir vermir, dovşan isə daha da bərkdən qışqırır:

– Kar olmusan, nədir, ya gözlərin tutulub? Sən görmürsən ki, mən öz taxtımda əyləşib gölün keşiyini çəkirəm? Əgər sən cəsarət edib mənim suyumu içsən, başını bədənindən ayıraram!

– Sən heç özün də bilmirsən ki, nə çərənləyirsən, – deyə fil ona cavab verir. – Mən heç də sənin suyunu içmirəm, mən göldən su içirəm!

– Əgər sən bu sudan içsən, – deyə dovşan bağırır, – mən puç qozu sındıran kimi bircə pəncəmlə sənin başını əzərəm!

– Bu dovşan lap qarayaxadır ha! – deyə fil dilləndi. – O elə bilir ki, bir pəncəsilə mənim başımı əzə bilər! Mən indi onun özünü tapdalayıb xurd-xəşil eləyərəm, onda bircə dənə də sağ sümük qoymaram!

Fil dovşana yaxınlaşdı, xortumu ilə onu tutub dartdı, kötükdən ayırdı.

Dovşanın tükü qatrana necə yapışmışdısa eləcə də kötüyün üstündə qaldı. Sonradan dovşanın dal tərəfinə təzə tük gəldi, ancaq elə ona görə o vaxtdan bütün dovşanların dal tərəfinin tükü ağdır.

– İndi isə, – deyə fil qışqırır, – mən bu dovşanı o vaxtacan gərək döyəm ki, canı çıxsın!.. Yox, yaxşısı budur onu ayağımın altında tapdalayım! Mən onu əzib yerlə yeksan edəcəyəm!

Dovşan özünü itirməyir, filə deyir:

– Sevimli böyük qardaşım! Mən elə özüm çoxdan ölmək istəyirəm, çünki yer yaranandan bəri min ildir yaşayıram. Mən daha yaşamaqdan təngə gəlmişəm. Ancaq sənə mənim lap yazığım gəlir. Onu bil ki, mənim bütün sümüklərimdə şiddətli zəhər var ki, bu zəhərin bircə damcısı kimə dəysə o saat öldürər. Əgər sən məni xortumunla vursan, sümüyüm sənin xortumuna batar. Əgər sən məni ayaqlarının altında tapdalasan, onda mənim sümüyüm sənin ayağına batar, ölərsən. Mən isə onsuz da ölməyəcəyəm. Sağ qalacağam. Ancaq sən doğrudan da məni öldürmək istəyirsənsə, onda nə etmək lazım olduğunu sənə öyrədim. Məni öldürmək üçün ancaq bircə üsul var: məni meşədə qalın kolluğa və ya qamışlığa tulla, onda mən mütləq ölərəm.

Fil ağıllı idi, ancaq hiylədən, kələkdən başı çıxmazdı. O, dovşanın sözünə qulaq asıb, onu xortumuna qaldıraraq şiddətlə qamışlığa çırpır.

Dovşan yerə düşür, özünə gəlib dörd ayaq əkilir. O qaçır, gülümsünə-gülümsünə də öz-özünə deyirdi:

“Böyük qardaş fil, elə bilir ki, mən ölmüşəm, ancaq məni dipdiri görəndə başa düşəcək ki, hiyləgərlikdə mənimlə bəhsə girişə bilməz!”.