Üç dəstə kakili sərdə cığalar,
Çəkilib teliniz qara, durnalar!
Seyrangahınızdı uca səmalar,
Çıxıbsınız novbahara, durnalar!
Göyçəkdi səsiniz, xoş gəlir hava,
Hansı vilayətdə yaparsız yuva?
Varmı əlinizdə elə bir dava,
Eyləyə dərdimə çara, durnalar!
Qış fəsli Bağdadı yada salmasa,
Ayrılıb dəstədən, dala qalmasa
Qaynağı poladlı laçın olmasa,
Nə bac verərsiniz sara, durnalar!
Elim, günüm geri yanda qalıbdı,
Sınıq könlüm dərdü-vərəm alıbdı,
Qəza məni qürbət elə salıbdı,
Alışır cəsədim nara, durnalar!
Məcnun tək çıxmışam Leyli seyrinə,
Köçüb gedib, bilməm onun təhri nə?
Novrəstə İmandan Viran şəhrinə,
Bir xəbər aparın yara, durnalar!