Eşq atəşi can yıxıyor

Eşq atəşi can yıxıyor
Müəllif: Hüseyn Cavid


Eşq atəşi can yıxıyor,
Ürəkdən qanlar axıyor.

Tale mənə yan baxıyor,
Həm gülümsər, həm ağlarım.

Gönül həp sızlar, həp inlər,
Xəzan fəryadını dinlər.

Anıldıqca keçən günlər
Həm gülümsər, həm ağlarım.

Hər səfada cəfa buldum,
Açmadım saraldım-soldum.

Sərbəst ikən əsir oldum,
Həm gülümsər, həm ağlarım.