Eşq camından içən kimsə huşyar olmaz

Eşq camından içən kimsə huşyar olmaz
Müəllif: Əbülqasim Nəbati
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Eşq camından içən kimsə huşyar olmaz,
Nə bu dünyadə, qiyamətdə də bidar olmaz.

Qorxu bilməz, eləməz şahü gədadən pərva,
Məsti-məstanə gəzər, kağəzü tumar olmaz.

Buteyi-hicrdə bülbül kimi əfğanə gələr,
Qeysi-biçarə kimi vəslə xəridar olmaz.

Tərk edər ləzzəti-dünyanı, keçər canından,
Sikkəni dağ qılar, talibi-dinar olmaz.

Göstərər mehrü vəfa yarinə, gördükcə cəfa,
Zilləti fəxr bilər, zərrəcə bizar olmaz.

Alışı şəm kimi, odlaşı pərvanə kimi,
Can verər yarə Nəbati kimi, biar olmaz.