Eşq odı aşiqə aləmdə gərək qismət ola

Eşq odı aşiqə aləmdə gərək qismət ola
Müəllif: Hüseyn Nadim Naxçıvani
Mənbə: Hüseyn Nadim Naxçıvani. Divan. Bakı,2011

Eşq odı aşiqə aləmdə gərək qismət ola,
Yanub hicran oduna dəhrdə bitaqət ola.

Nə mənim eşqim olaydı, nə də hicranın odı,
Nə də əğyarlər ol yar ilə həmsöhbət ola.

Nə, Xuda, bülbül olaydı, nə də gülzardə gül,
Nə də ol qönçeyi‐gül xar ilə həmvəhdət ola.

Nə könül mülki yana eşq ilə hicran oduna,
Nə də hicran ilə bu xəstə könül qarət ola.

Nə siyah çeşm ola, nə zülfi‐siyah, sib zənəx,
Nə də eşq əhlinə nalə eləmək adət ola.

Nə ola Nadimə ruzi rüxi‐zibayi‐sənəm,
Nə də bu xilqət ola, dərdü qəmü möhnət ola.