Eşqim
Müəllif: Mikayıl Müşfiq


Anasız, babasız Ofelya kimi
Saçları pərişan bir qızdır eşqim.
Qəlbimin buludlu səmalarında
Titrəyən bir qərib ulduzdur eşqim!
 
Olmadan aşikar doğduğu yerdən,
Böyük tanrı kimi düşmüş nəzərdən,
Çöhrəsi gülməyən xarabalardan
Daha qəmli, daha issızdır eşqim!
 
Həyata baxmamış gülümsər kimi,
Hər bir hadisədən bixəbər kimi,
Yad əllərdə qalan yetimlər kimi
Başı bəlalıdır, yalnızdır eşqim!