Elə bir gün olmadı unudam Hicran Səni

Elə bir gün olmadı unudam Hicran Səni! (1998)
Müəllif: RAUF CAVAD

Elə bir gün olmadı unudam Hicran Səni!
Yada salıb ağladım, özlədim Heyran Səni!

Gözlərim doldu yaşla qəlbim oldu nigaran,
Yeganə təsəllim, gözləməkdi, Zaman Səni!

Uzun çəkdi gəlişin, yar, çatladı bu bağrım,
Baxıram yollara, görmürəm, həyacan Səni!

Aldın-apardın nəfsi hicran, sinəmdən bir can,
Qaldı can yarımcan, gəl Heyran, görüm can Səni!

Gecələr gözlərəm hər gün çıxsın zərif Nur-ay,
Dolansın başıma Ay-nur, sevim Aydan Səni!
  
Ay üzlü Zöhrəm, yanında qaldı qəmli canım,
Heyranə vurğunam, ürək istər yaman Səni!

Nə edim çarə, qovuşum yarə, düşünürəm,
Min cür gümanımda gəzdirirəm güman Səni!

Fikirlərdə qocalıram, yar, dərddən yanıram,
Yorulmaz fikirlərim, düşünür dərman Səni!

Bir nəzər et, yar, gör halim olub dərdli yaman,
Bir kərə görsəm üzünü, kaş, Xuraman Səni!

Nazlı gülüm zəri-zülfündə telinə qurban,
Tel olub düşüm üzünə, görəm ceyran Səni!

İstərəm olam şirin söz, o Şirin dilində,
Əzilən qənd tək dişləyim Dilbəri-şan Səni!

Kaş su olaydım, şirin ləblərinə axaydım,
Yeyib şəkər ləbindən, öpəydim Canan Səni!

Sanki ölmüşəm, nazlı yarın qollarındayam,
Həsrətdən xəyal qurur muradım, Ayan Səni!

Hər gün xoş arzularla tək keçir zaman-ömrüm,
Ümidi qırma deyir, sevirəm, inan Səni!

Rauf qəlbi möhkəmdi sevgi-sədaqətində,
Hər gecə-gündüz qəlbdən səsləyir, Reyhan Səni!
             ...Müəllif:Rauf Cavad