Elə bir xəyalın...
Elə bir xəyalın... (XX əsr) Müəllif: Abdulla Faruq |
Öylə bir xəyalın hökmündəyəm ki,
Ruhuma dar gəlir səmalar mənim.
Bəzən buludların üzərindəki
Boşluqlar istərəm ola məskənim.
Bəzən cəbhələrdə qanad çalıram,
Bəzən xəyalımdan keçir uzaqlar...
Bəzən təbiətdən ilham alıram,
Şerimdə canlanır dumanlı dağlar.
Dumanlı dərələr ruh verir mənə,
Oxucum, qəlbimi açıram sənə.
***
Otuz ildir ərzə qədəm basdığım,
Yol uzun, arzu çox, ömür yarıdır...
Başqa bir şey deyil mənim yazdığım -
Sahilsiz qəlbimin dalğalarıdır.