Elə sən (Usta Abdulla)

Elə sən
Müəllif: Usta Abdulla
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023.

 
Yaxşılıq, yamanlıq borcdur dünyada,
Mərdanəsən, gəl yaxşılıq elə sən.
Aşıq deyər elə sən,
Oxu dərsin elə sən.
Yamanlığa yaxşılıq,
Gəl həmişə elə sən.
Öz-özünə çox boy verib ucalma,
Çıxammazsan obaya sən, elə sən.

Mərd igidlər sadə olar yəqindi,
Ürəyimdə qalmayıbdı yağ indi.
Aşıq deyər yəqindi,
Ədalət var yəqindi.
Qapı döyən agah ol,
Döyülər qapın yəqindi.
Göz ağrıyar bəduğuru görəndə
Əl çəkmirsən, ha çıxırsan elə sən.

Dost yolunu gözləyərmi bedasıl,
Bekar yola qulluq edər bəd əsil.
Aşıq deyər bedasıl,
Görünmə sən bəd əsil.
Çətindi ki, həyatda,
Qarşı gələ bedasıl.
Öz qədrini nə bilirsən bedasıl,
Qiymət qoyma obaya sən, elə sən.