Bu gün gördüyüm gözəl
Halımı yaman elədi;
Ala gözü, qələm qaşı
Qətlimə fərman elədi;
Kirpiyi keçdi sinəmdən,
Bağrımı şan-şan elədi;
Ruhum tərk etdi bədəni,
Canımı candan elədi;
Mənim günahım nə idi?!
Niyə nahaq qan elədi.
Zülfünün bir muyunu
Şəki, Şirvana vermərəm;
Qafqaza bütün dəyər,
Külli-irəvana vermərəm.
Nə sayım, sadalayım,
Billah, heç yana vermərəm;
Qoynundakı bir cüt narı
Baği-rizvana vermərəm;
Heyif oldu, nadan dərdi,
Bostanı viran elədi.
Dost deyilən çətin gündə
Çəkilib yana getməsin.
Eşşək gəlib at yerinə
Mənzil meydana getməsin.
Çərxi dönsün pis insanın,
Uzaq zamana getməsin.
Birillahım, irəhm eylə,
Yaxşı yamana getməsin.
Məni zalımın balası
Lap Şeyx Sənan elədi.
Aqil, qəm eyləmə sən,
Hər leylinin naharı var;
Hər gecənin bir gündüzü,
Hər çillənin baharı var.
Dara düşsək, dada yetər,
Bizi yaradan Tanrı var.
Yusif quyudan çıxacaq,
Misir də xoş bazarı var;
Yusifin köynəyini
Yaquba dərman elədi.