Elədi (Xəstə Bayraməli)
Elədi Müəllif: Xəstə Bayraməli |
Mənbə: Xəstə Bayraməlinin şeirləri (1898-1952). goyce.az, 27.12.2018 |
Ay ağalar, bu ilki qış
Nə bekar adət elədi.
Azar düşdü mal-qoyuna,
Yaman qiyamət elədi.
Soraq gəldi hər tərəfdən,
Yetən şikayət elədi.
Nə yaxşı ki, Şahi-Mərdan
Bizə mərhəmət elədi.
Dabaq olmuş bir öküzün
Qıldım tədbirini yazdan.
Söylədilər səd afərin,
Gəlib-gedən bir ağızdan.
Bircə cüt danam varıydı,
Rəhmətə getdi payızdan.
Nə məndən ələf istədi,
Nə də ki zəhmət elədi.
Kasıb, varlı, hər ocaqda
Ət qazanı aşdı, daşdı;
Olan qonşu olmayana
Ucuz qiymətə yollaşdı.
Kimi də səbrini basıb,
Quran-kitaba sallaşdı;
Yön çevirdi mollalara,
Yalvardı, minnət elədi.
Kimi başladı fəryada,
Kimi bəxtindən küsməyə;
Zülm elədi bu naxoşluq
Gah öküzə, gah inəyə.
Kimiyə tamah güc gəldi,
Qıymadı payız kəsməyə;
Arıq saldı, murdar oldu,
Başına töhmət elədi.
Nəbiynən Qalayçı Söyün
Saldılar gönlərin bəhsin;
Məhəmmədlə də köməkli
Sürüdük birdən ikisin;
ötürdü, qiymət elədi.
El arandan dağa köçdü,
Qış ötüşüb, yaz düşəndə;
Yenə şənləndi obalar,
Karvan çəkib, biz düşəndə.
Hər yaylaqda, hər məclisdə,
Bir mahalda söz düşəndə,
Bayraməli bu əhvalı
Danışdı, söhbət elədi.