Eləsi var
Eləsi var Müəllif: Nəbi Miskin |
İnsan oğlu yetişəndə həddinə,
Cavanlıq bir işdi - qönçə gül olu.
Eləsi var, xoş nişanı xudadan,
Eləsi var, başı keçəl - gil olu.
Eləsi var, ondan olur bədnazar,
Eləsi var, oxur, dərsini yazar.
Eləsi var, qohum-qardaşı bezər,
Eləsi var, xoş ixtilat - dil olu.
Eləsi var, güvənər öz qoluna,
Eləsi var, qalar qonşu halına.
Eləsi var, gedər haram yoluna,
Axır günü yurdu viran, çöl olu.
Eləsi var, getməz işin düzünə,
Eləsi var, layiq bilməz özünə,
Eləsi var, baxmaz ana sözünə,
Eləsi var, atasına qul olu.
Eləsi var, hər məclisdə anılı,
Eləsi var, sir söz ondan damlı.
Eləsi var, bilməz xatir konulu,
Hörmət qanmaz, mərifətdən kal olu.
Eləsi var, beş vaxtında əzəni,
Eləsi var, olmaz işin düzəni.
Eləsi var, malı-mahud bəzəni,
Var libası tamam tirmə şal olu.
Eləsi var, qonşusuna dolaşı,
Eləsi var, çəkər dünya təlaşı.
Eləsi var, hər nə geysə yaraşı,
Eləsi var, tamam quru yal olu.
Eləsi var, qonuşuğu xoş olu,
Eləsi var, daim cibi boş olu.
Eləsi var, arabası qoşulu,
Dərdi-başı öküz, camış, kəl olu.
Eləsi var, at üstündə gəzəllər,
Eləsi var, cüt-kotanı düzəllər.
Eləsi var, hər cəfaya dözəllər,
Sənətləri qazma, külüng, bel olu.
Eləsi var, ondan olur bəy, paşa,
Eləsi var, bənzər alıcı quşa.
Eləsi var, ləzzət verməz tay-tuşa,
İncidər yoldaşı, qalmaqal olu.
Eləsi var, çəkər tovladan atı,
Eləsi var, nura bənzər sufatı.
Eləsi var, əzəl başdan yox zatı,
Vurar baxtı, qara dövlət sel olu.
Eləsi var, yalan yerə öyünü,
Eləsi var, bəd xəbərə söyünü.
Eləsi var, uca görüb boyunu,
Pəhlivandı, qol-qolada fil olu.
Eləsi var, ibadəti, zikiri,
Eləsi var, biclikdədi fikiri.
Eləsi var, dildən qoymaz şükürü,
Yavan çörək dahanında bal olu.
Eləsi var, meyil verər sübhana,
Eləsi var, üz çevirməz divana.
Eləsi var, könlü çalxanar qana,
Qafasında fitnə-fəsad fel olu.
Eləsi var, el içində sevilər
Eləsi var, öznü eldən yad elər.
Eləsi var, baltasını bülövlər,
Gecədən də fəryad çəkən kol olu.
Eləsi var, yersiz, yurdsuz, vətənsiz,
Eləsi var, misli-Şümür - insafsız.
Eləsi var, gora gedər imansız
Məhşər günü əlif qəddi dal olu.
Eləsi var, gəzər tacilə taxtı,
Eləsi var, cəhdnən yeriməz baxtı.
Eləsi var, əxrət işin buraxdı,
Murazında qoyun, quzu, mal olu.
Eləsi var, mahalından itəsi,
Eləsi var, əksik işi bitəsi.
Eləsi var, qarğışçıdı atası,
Axınnda son sahibi el olu.
Eləsi var, igidlikdə tacı-sər,
Eləsi var, doğulubdu kəmhünər.
Eləsi var, çəkər, yığar dağ qədər,
Bina tutmaz, bəndərgahı qıl olu.
Eləsi var, yaxşı-yamanı bilməz,
Eləsi var, qonaq üzünə gülməz.
Eləsi var, varın yeyib, yedirməz,
Xums, zəkat, fitrəsindən göl olu.
Eləsi var, yoxsul işin bitiri,
Eləsi var, bilməz könül, xətiri.
Eləsi var, söz, nəsihət götürü,
Söylədiyi tamam gövhər, ləl olu.
Eləsi var başa alar minnəti,
Eləsi var, pula satmaz qeyrəti.
Eləsi var, özü tapar sənəti,
İrəmi atar, xəyalında fal olu.
Eləsi var, sirrin yadlara deməz,
Eləsi var, kəsbi-haramı bilməz.
Eləsi var, hədər dinib söyləməz,
Məqamında tamam Rüstəm - Zal olu.
Eləsi var, xoş görünür güzarı,
Eləsi var, yaltaqlıqdı azan.
Eləsi var, olmaz behi, bazan,
Gözləyərsən, gün ilqarı il olu.
Eləsi var Məkkədə qurban kəsib,
Eləsi var, ya niyyətli, ya nəsib.
Eləsi var, nə dövlətli, nə kasıb,
Bir babətdi, uruzusu bol olu.
Eləsi var, yer üzünün asdanı,
Eləsi var, işə getməz, pasdanı.
Şair Nəbi tamam etdi dastanı,
Görün insanlıqda necə yol olu.