El şairi Muxayıl Göyçəli

El şairi Muxayıl Göyçəli (2010)
Müəllif: Araz Yaquboğlu
Mənbə: "Elmi axtarışlar", VI/2010, Bakı, "Nurlan", 2010. səh.11-14.

Göyçə adı eşidiləndə istər-istəməz hər kəsin xəyalına tanınmış şəxsiyyətləri, aşıqları, şairləri, sinədəftər insanları ilə ünlü olan gözəl bir diyar yada düşür. Professor Hüseyn İsmayılov bu haqda yazır: "Göyçə mahalı əsrlər boyu Azərbaycan xalqının saz və söz məbədgahlarından biri olmuş, onun yetişdirdiyi istedadlı sənətkarlar poeziyamızın iftixarına çevrilmişlər" (1,s.10)
Göyçə mahalının yetişdirdiyi istedadlı sənətkarlar içərisində mahalın Daşkənd kəndində də təvəllüd tapan aşıq və el şairləri kifayət qədər olmuşdur. "Hamımıza yaxşı məlumdur ki, hər bir ölkə, hər bir bölgə, hər bir kənd öz görkəmli, məşhur övladları ilə tanınır. Belə qədim yaşayış məskənlərindən biri də Göyçə mahalının Daşkənd kəndidir. Zənnimcə, Daşkəndi sayılan, seçilən insanların, aşıqların və şairlərin müqəddəs beşiyi saymaq olar" (2,s.18).
"Göyçə mahalında Ağkilsəli ustad Aşıq Ələsgər ocağı qədər Daşkənd kəndində də saz, söz, dastan və aşıq yaradıcılığına çox böyük həvəs olmuşdur. Buna görə də bu kənd Dədə Ələsgərin sənət ocağından, nəslindən sonra mahalın kəndləri arasında birinci yerdə olaraq şairlər və aşıqlar məskəni kimi şöhrətlənmişdir" (3,s.119).
Göyçə mahalının Daşkənd kəndində anadan olan el şairlərindən biri də Muxayıl Göyçəlidir.
Muxayıl Budaq oğlu Məsimov (Muxayıl Göyçəli) 1918-ci ildə doğulmuşdur. Dərzilər nəslindəndir. 1932-ci ildə Daşkənd kənd yeddi illik orta məktəbini bitirmişdir. Muxayıl ədəbiyyat, rus dili, cəbri özəlliklə yaxşı bilirmiş.
Muxayıl Göyçəlinin ana babası Kərbəlayi Rüstəm dövrünün çox imkanlı, varlı və səxavətli adamlarından olmuşdur. Anası Fatmanisənin əmiləri Nağı bəy, Tağı bəy və qardaşı Qara İdris (Qaçaq İdris) 1918-ci ildə ermənilərə qarşı döyüşlərdə fədakarlıq göstərmiş igid el qəhrəmanları kimi tanınmışlar.
Böyük Vətən Müharibəsi başlayanda Muxayıl da müharibəyə 1941-ci ildə səfərbər olunmuş və ağır döyüşlərin iştirakçısı olmuşdur. O, 26 fevral 1942-ci ildə ağır döyüşlərin birində yaralanaraq ordudan tərxis olunmuşdur. Müalicəsi doğma kənddə davam etdirilsə də, 15 dekabr 1944-cü ildə müharibədə aldığı yaralardan subay ikən əbədiyyətə qovuşmuş və Daşkənd kəndində dəfn olunmuşdur.
Muxayıl Göyçəlinin əlyazmaları və bir neçə cəbhə şəkilləri Göyçə mahalından deportasiya olunub 1988-ci ildən hal-hazıra qədər Bərdə rayonunun Yeni Daşkənd kəndində məskunlaşan qardaşı Məsimov Oruc Budaq oğlu tərəfindən qorunub saxlanılmaqdadır. Onun 1943-cü ilə aid əlyazmasının içərisində Şair Məmmədhüseynin "Xəbər al deyim", "Yaxşıdır" qoşmalarına, "Yatıb oyanmaz, oyanmaz" gəraylısına, İsoy Qurbanovun "Eylə", "Oldumu" və "Qaldım" rədifli qoşmalarına, Aşıq İslam Yarpızlının "Əzizim" qoşmasına da rast gəldik.
Əlyazmalardan bəlli olur ki, Muxayıl Göyçə ədəbi mühitindən, Azərbaycan klassik ədəbiyatından və şifahi xalq ədəbiyyatından lazımınca yararlanmış və şeirin müxtəlif növlərində - gəraylı, qoşma, təcnis, cığalı təcnis, divani kimi şeirlər yazıb-yaratmışdır. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, o hətta rus dilində də şeir yazmışdır.
Muxayıl həmçinin saz havalarına və saz ifaçılığına da dərindən bələd olmuşdur. Saz havalarının öyrənilməsində bibisi oğlu Aşıq İslam Yarpızlının rolu böyük olmuşdur. Cəmi 26 il ömür yaşamış Muxayıl Göyçəli el içində el şairi kimi tanınmışdır.
Şairin yaradıcılığında qəmli şeirlər üstünlük təşkil edir. Bu da onun uzun müddət (33 ay) xəstə olması ilə əlaqədardır. İllərlə sevdiyi istəkli yarına qovuşa bilməyən Muxayıl cəbhəyə yola düşərkən yazır:

Başına döndüyüm vəfalı yarım,
Dola sən boynuma qol, ayrılıqdı.
Fələk sitəm etdi, pozuldu qurğu,
Aç siyah zülfünü yol, ayrılıqdı.

...Yaralı bülbüləm qaldım budaqda,
Muxayılam, sözüm gəzir dodaqda.
Bir ağır səfərim durub qabaqda,
Yar ürək sözümü al, ayrılıqdı. (4,s.82)

Muxayıl Göyçəlinin şeirləri bədii cəhətdən çox güclüdür. Bu da onun klassik və şifahi xalq ədəbiyyatına, poeziyaya dərindən bələd olmasının əyani təzahürüdür.
Şairin yaradıcılığında sələflərindən olan həmkəndlisi Şair Məmmədhüseynin "Tərsinə gedər" rədifli cığalı təcnisinə yazdığı nəzirəyə də təsadüf edilmişdir.

Şair Məmmədhüseyn:
Günahkar qul oldum fani dünyada,
Pozulub şövkətim tərsinə gedər.
Mən aşıq tərsinəyə,
Tər damar, tər sinəyə.
Xəstənin gözü düşmüş,
Yetkin nar, tər sinəyə.
Heyf cavan ömrüm yetişdi bada,
Dönüb ruzigarım tərsinə gedər. (1,s.278)

Muxayıl Göyçəli:
Bəd gəlib taleyim, iqbalım mənim,
İftida səfərim tərsinə gedər.
Aşıq, tərsinə gedər,
Dönər tərsinə gedər.
Nütvədən kamil olan,
Haçan tərsinə gedər?
Sinəmdə çəm olub, çarəsiz yara,
Artıbdı azarım tər sinə gedər. (4,s.83)
 
Muxayıl Göyçəli kimi istedadlı sənətkarlar təcnis yaratmaqda heç zaman çətinlik çəkməmişlər. Şair adi qoşmalarda belə bəzən cinas qafiyələrdən istifadə etmişdir ki, bu da şeirdə xüsusi şirinlik, axıcılıq və bədiilik yaratmışdır. Misal üçün onun "Məni" qoşmasının üçüncü bəndinə və "Əzizim" qoşmasının ikinci bəndinə nəzər yetirək:

Gəl tərlana tay etməynən ay, sarı,
Ərş üzündə xoş görünür Ay sarı,
Muxayılın viran könlün ay sarı,
Məcnun kimi salma çöllərə məni. (4, s.80)

Kamil bağban narı bağdan üz barı,
Qəvvas təki dəryalarda üz barı.
İgid olan sözün söylər üzbarı,
Müxənnətlər salar tora, əzizim. (4, s.84)

Muxayıl Göyçəlinin əlyazmalarında sadə və adi görünsə də belə, diqqətimizi çəkən bir nüansı da qeyd etməliyik. Çağdaş poeziyamızda yazılan şeirlərin sonluğunda qoyulan tarixlərə çox rast gəlinir. Bu isə son on illiklərin dəbidir desək yanılmarıq. Lakin 1943-cü ilə aid əlyazmada hər bir şerin sonluğunda qoyulan tarixlər şairin mütərəqqi bir şəxs olduğunu deməyə imkan verir.
Təssüflər olsun ki, belə istedadlı el şairinin şeirləri hələ ki, tam şəkildə toplanıb çap olunmamışdır. Muxayıl Göyçəlinin şeirlərini toplayıb çap etdirməyi özümüzün mənəvi borcu hesab edirik.

İstifadə edilmiş ədəbiyyat:
1.Hüseyn İsmayılov. "Göyçə aşıqları və el şairləri", I cild, Bakı, "Səda", 2006.
2.Əli Vəkil. "Aşıqların, şairlərin beşiyi", "Ekspress" qəzeti, 11 aprel 2009-cu il.
3.Xasay Zeynalov. "Göyçəsiz günlərim", Bakı, "Nurlan", 2006.
4.Araz Yaquboğlu. "Daşkənd aşıqları və şairləri", Bakı, "Nurlan", 2008.