El şairi Qəmgin Fəzi

El şairi Qəmgin Fəzi (2011)
Müəllif: Araz Yaquboğlu
Mənbə: "Azərbaycan Aşıqlar Birliyi: Ozan dünyası. №3(6)" (az.). "Ozan dünyası" jurnalı. 2011. 2018-06-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-14.


Göyçə mahalında, eləcə də digər bölgələrdə aşıq yaradıcılığının inkişafında el şairlərinin də xidməti az deyil. Belə üslubda şeir yazan şairlərə bəzən haqlı olaraq "saz şairləri" də deyirlər. Bu barədə tədqiqatçı İslam Ələsgərin mülahizəsi maraqlıdır. O yazır: "Göyçədə aşıq sənətinin, aşıq şeirinin inkişafı bu bölgədə yaşamış bir sıra el şairlərinin yaradıcılıqlarına da qüvvətli təsir göstərmişdir. Aşıqlar onların qiymətli şeirlərini məclislərdə оxumaqla, müəllifini şöhrətləndirmiş, yeni-yeni əsərlər yaratmağa olan həvəslərini daha da artırmışlar." [1, s.13]
Elin, obanın sevimli ağsaqqalı, şairi Kərimov Fəzi Məşədi Qasım oğlu 1914-cü ildə Göyçə mahalınının Daşkənd kəndində anadan olub. Atası Məşədi Qasım (1863–1921) Göyçə mahalında çox hörmətli, adlı-sanlı şəxsiyyətlərdən biri olmuş, eyni zamanda 1918-ci ildə erməni daşnaklarının hücumlarına qarşı xalqı səfərbər edən başbilən kişilərdən olmuşdur.
Məşədi Qasım Göyçə mahalındakı döyüşlərdən sonra ailəsi ilə birlikdə Qarabağa gəlmiş, Laçınlı Sultan bəyin silahdaşı olmuş və erməni millətçilərinə qarşı qəhrəmanlıqla vuruşmuşdur. O, sərrast atıcı kimi 1919-cu ildə Qarabağda baş verən mart hadisələrində xüsusən fəallıq göstərmişdir. Bir il Sultan bəy tərəfindən onun adına verilmiş Ağdamın Qasımlı kəndində yaşadıqdan sonra 1921-ci ildə orada vəfat etmiş və orada da dəfn olunmuşdur. Fəzi atasını itirdikdən sonra Məşədi Qasımın uşaqlarını qardaşı Kərbəlayi Əmrah doğma ata-baba yurdu Göyçəyə aparmışdır.
Qəmgin Fəzi Aşıq Ələsgər ocağı ilə, xüsusən də Aşıq Nəcəf, Aşıq Talıb, Aşıq Musa və Bilal Məmmədovla dostluq etmişdir. Hətta onun bu adı çəkilən adamlarla qohumluğu da var. Belə ki, Fəzinin qardaşı Sayadın (1905–1955) həyat yoldaşı Alməmmədlər nəslinin qızıdır. Bu ailəvi dostluq və doğmalıq hələ Aşıq Ələsgərin özü ilə Məşədi Qasımın çox yaxın dostluğundan qaynaqlanırdı.
Fəzi 1941-ci ildə Böyük Vətən Müharibəsinə getmiş, müharibədə topçu komandiri olmuş, orden və medallarla təltif olunmuşdur. O, 1944-cü ildə müharibədən yaralı qayıtmışdır. 1953-cü ildə bir çox göyçəlilər kimi о da Bərdədə məskunlaşmalı olub. Üç oğlunun vaxtsız vəfatı, oğlu Yasifin Qarabağda (22.08.1992) şəhid olması ilə əlaqədar "Qəmgin" təxəllüsü ilə şeirlər yazıb.
Fəzi Məşədi Qasım oğlu uzun müddət kolxoz sədri, sovet sədri, ferma müdiri və başqa rəhbər vəzifələrdə işləmiş, el arasında böyük hörmət sahibi olan ağsaqqallardan olmuşdur. El şairi 25 sentyabr 2000-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir. Müdrik el ağsaqqalı, məclislərin yaraşığı Fəzi kişi Yeni Daşkənd kənd qəbiristanlığında dəfn olunmuşdur.
1996-cı ildə Azərbaycan Tərcümə Mərkəzi "Qızıl Şərq" mətbəəsində Qəmgin Fəzinin "Ağrı dağı" adlı 168 səhifəlik şeirlər kitabını çap etdirmişdir. Kitabda müəllifin bütünlüklə yaradıcılığını əhatə edən 125 qoşması, 12 gəraylısı, 9 divanisi, 6 müxəmməsi, 2 təcnisi, 2 cığalı təcnisi, 4 deyişməsi, 1 məsnəvisi və 1 dastanı çap olunmuşdur. Kitab tərtibat baxımından qüsurlu hazırlanıb çap edilmişdir. Adətən şeir kitablarında şeirlər ya mövzuya, ya da janrlarına görə qruplaşdırılır. Kitabda şeirlərin gəraylı, qoşma, təcnis, divani, müxəmməs, deyişmə kimi bölmələrə ayrılması daha məqsədəuyğun olardı. Belə olsaydı оxucular və tədqiqatçılar üçün də kitab sadə, oxunaqlı və dəyərli olardı. Sözü gedən kitabda isə müəllifin cəmi 4 təcnisinin olmasına baxmayaraq onlar başqa-başqa səhifələrdə (29, 32, 56, 94) verilmişdir. Belə çatışmazlıqlar kitabda öz əksini tapmışdır.
"Göyçə aşıq məktəbi" kitabının müəllifi Tərlan Göyçəli Qəmgin Fəzinin həyatı və yaradıcılığı haqqında yazır: "Qəmgin təxəllüsü ilə yazıb-yaradan Fəzi Qasım oğlu haqq, dilək adamı, din, təriqət yolçusudur. Qəlbindən Allah eşqi, dilindən haqq duası əskilmir. Hər an ulu yaradana sitayiş, dərin etiqad, haqqa inam, insanlığa mərhəmət, halallıq, xeyirxahlıq şeirlərinin ana xəttini təşkil edir. Yaradıcılığının çoxunu dərin, hikmətli ustadnamələr, dini səpgili şeirlər, bağlamalar, təcnislər, təxmislər təşkil edən Qəmgin Fəzinin şeirləri məna və məzmununa görə insanlığı kamilliyə səsləyən, hikmət dərslərini andıran həyat həqiqətləridir".[2, s.182–184] Tərlan xanım həmçinin el şairinin "Getdi" rədifli qoşmasını və "Gəl" rədifli divanisini də kitabda çap etdirmişdir.
Bu sətirlərin müəllifinin "Bir kökün budaqları" və "Daşkənd aşıqları və şairləri" adlı kitablarında el şairi Qəmgin Fəzinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilmişdir. Belə ki, göstərilən birinci kitabda "Daşkənd" gəraylısı, "Məndədi", "Dünyada", "Görərsən", "Bilmədim", "Yadıma düşdü", "Gərək", "Qəbrim üstə", "Oğul" rədifli qoşmaları, "Gördüm" müxəmməsi və "Necədir-Olur" deyişməsi olmaqla 11 şeiri [3, s.29–42], ikinci kitabda isə "Deyirlər", "Göyçə", "Getdi" qoşmaları, "Minə dağında" təcnisi, "Danışaq" divanisi, "Gərəkdi" müxəmməsi və "Olarmı-Oldu", "Gəlibdi" deyişmələri olmaqla 8 şeiri çap olunmuşdur.[4, s.52–59]
"Qızıl qələm" mükafatı laureatı Qədir Aslan Qəmgin Fəzinin "Ağrı dağı" adlı kitabına yazdığı "Şair ağsaqqal" sərlövhəli müqqədiməsində yazır: "Fəzi Qəmginin gəraylı, qoşma, müxəmməs və s. şeirlərində dərin hikmət, həyat həqiqətləri, sabaha inam vardır. Elə buna görə də onu söz sərrafı sanırıq. Qəmgin Fəzi el ağsaqqalı, şeir, sənət fədaisidir. Onun şeirlərinin çoxunda Göyçə mövzusu geniş yer tutur. Basarkeçərin görkəmli yerləri adbaad göstərilir. Elə bil bir anlığa özünü Keytidə, Sarı yerdə, Göyçə gölünün sahillərində hiss edirsən".[5, s.4]

Göyçənin tərifini,
Deməyə ustad gərəkdi.
"Keyti"dən, "Sarınər"ə,
Deyə adbaad gərəkdi.
Göyçə yох göyçək deməyə,
Təzədən bir ad gərəkdi.
Keçmişini yada salsaq,
Çəkəsən imdad gərəkdi.
Qurtarmağa yad zəncirdən,
Hünərli övlad gərəkdi.

El şairi Qəmgin Fəzinin həyatı və yaradıcılığı haqqında Sərraf Şiruyənin "Hər görüş bir xatirədir" kitabında da ətraflı məlumat verilmişdir. Sərraf Şiruyə Qəmgin Fəzinin şeirlərində dini mövzularının çoxluğundan bəhs edərkən yazır: "Fəzi Məşədi Qasım oğlu Kərimov (Qəmgin Fəzi) atamla əmizadədirlər. Babaları qardaşdır. Atamla çox yaxın dost olub, çox şeirləşiblər. Atamdan doqquz yaş kiçikdir. Böyük Vətən Müharibəsində topçu komandiri olan Fəzi sonradan müxtəlif vəzifələrdə işləmiş, ömrünün orta çağlarında şəriət kitablarına, Qurani-Kərimi оxumağa meyil etmiş və bu da öz təsirini onun şeir yaradıcılığında çox tezliklə büruzə vermişdir".[6, s.17]
Əvvəlki mənbələrdə də göstərildiyi kimi, hələ uşaqkən Fəzi dini məlumatları çox dərin mənimsəmiş və şeirlərində də bunları çox aydın şəkildə ifadə etmişdir.
"Ədəbi İrəvan" almanaxında Qəmgin Fəzinin "Göyçə" qoşmasını və "Gərəkdi" müxəmməsini [7, s.33] çap etdirən Əli Vəkil "Aşıqların, şairlərin beşiyi" məqaləsində Qəmgin Fəzinin poeziyası haqqında deyir: "Qəmgin Fəzinin şeirləri də çox diqqət cəlb edicidir. Şair xeyirxahlığı, şair alicənablığı bu şeirdə öz əksini çox gözəl tapmışdır.

Çох qaçaq, çox quldur səylik eylədi,
Çоxu yоxsullara bəylik eylədi.
Çоxu Fəzi kimi eylik eylədi,
El içində şöhrət, ad aldı getdi." [8]

Şeirləri dillər əzbəri, öyüd-nəsihətləri qulaqlardan getməyən Qəmgin Fəzinin həyat və yaradıcılığı hələ çox araşdırılacaq, haqqında çox yazılacaq və onunla bağlı xatirələr heç vaxt unudulmayacaqdır.

İstifadə edilmiş ədəbiyyat:
1. İslam Ələsgər. "Sazlı-sözlü Göyçə". Bakı, "Azərnəşr", 1999.
2. Tərlan Göyçəli. "Göyçə aşıq məktəbi", Bakı, "Göytürk", 1998.
3. Araz Yaquboğlu. "Bir kökün budaqları", Bakı, "Nurlan", 2006.
4. Araz Yaquboğlu. "Daşkənd aşıqları və şairləri", Bakı, "Nurlan", 2008.
5. Qəmgin Fəzi. "Ağrı dağı", Bakı, "Azərbaycan Tərcümə Mərkəzi", 1996.
6. Sərraf Şiruyə. "Hər görüş bir xatirədir", Bakı, "Nurlan", 2007.
7. "Ədəbi İrəvan-2009" (Almanaх), (toplayıb tərtib edəni: Əli Vəkil), Bakı, "Nurlan", 2009.
8. Əli Vəkil. "Aşıqların, şairlərin beşiyi", "Ekspress" qəzeti, 11 aprel 2009-cu il.