El ata
El ata Müəllif: Miskin Abdal |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Yaz olanda büsatıdı dağların,
Ətəyində yer eliyər elata.
Qarı düşmən qovğa salsa üstünə,
Bata bilməz süvar olsa el ata.
Bir Allahdı ərşü-gürşü yaradan,
Adı çoxdur, bir adı da Yaradan,
Nə yaratsan Yaradanı yarat, an,
Qorx ki, sana qara daşı el ata.
Miskin Abdal, şeytan anma, nər div an,
Müxənnəsə tutacaqdı nə divan,
Haqqa doğru sən qoyubsan nərdivan,
Ona görə deyir sənə el: “Ata”.
Bu əsər müəlliflik hüququnun qüvvədə olma müddəti, müəllifin bütün həyatı boyu və onun ölümündən sonra 100 il olan dövlətlərdə ictimai varidata keçmiş sayılır. |