Elim gələ
Müəllif: Ağ Aşıq Allahverdi
Mənbə: Niftalı Göyçəli. "Göyçə ustadları" (antologiya), I hissə (PDF) (az.). Bakı: "Elm və təhsil". 2017. ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-23.

Bahar gəldi bu dağlara,
Gülüm gələ, gülüm gələ.
Yay olanda yaylaqlara,
Elim gələ, elim gələ.

Gözəlləri söhbət sözüm,
Şövqə gələ telli sazım,
Cövlan edə xoş avazım,
Gül hüsnünə dilim gələ.

Ağ Aşığın xoş çağıdı,
Gül yanaqlar oylağıdı,
Göyçə bir gülşən bağıdı,
Tərifinə dilim gələ.