Elmi idrak epoxaların kəsişməsində Akademik Mirəsədulla Mirqasımov - 130

Elmi idrak epoxaların kəsişməsində Akademik Mirəsədulla Mirqasımov - 130 (2010)
Müəllif: Akif Əlizadə
Mənbə: Akif Əlizadə, Elmi idrak epoxaların kəsişməsində Akademik Mirəsədulla Mirqasımov - 130. "Azərbaycan" qəzeti, 2013, 10 dekabr, s.10

Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında Azərbaycan Respublikası Elmlər Akademiyasının ilk prezidenti, tanınmış ictimai xadim, ilk azərbaycanlı alim-cərrah, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik Mirəsədulla Mirələsgər oğlu Mirqasımovun 130 illik yubileyi bu il ölkəmizdə təntənə ilə qeyd edilir. Görkəmli alimin yubileyi yalnız elmi mühitimiz üçün deyil, bütövlükdə respublikamızın ictimai-mədəni həyatı üçün əlamətdar bir hadisədir. Çünki adı Azərbaycanın elmi və ictimai fikir tarixinə qızıl hərflərlə yazılmış akademik Mirəsədulla Mirqasımovun şəxsiyyəti, elmi, elmi-təşkilati, pedaqoji, ictimai-mədəni, praktiki-tibbi, tibbi-nəzəri istiqamətləri özündə birləşdirən geniş fəaliyyət spektri bütövlükdə XX əsrin birinci yarısında Azərbaycan elmi və ictimai düşüncəsinin təşəkkülündə və inkişafında müstəsna rol oynamışdır.

Bəşəriyyətin qədim sivilizasiya mərkəzlərindən olan Azərbaycanda professional elmi təfəkkürün formalaşması orta əsrlərə təsadüf etsə də, onun müasir Avropa elmi ənənələri ilə sintezindən yaranan keyfiyyətcə yeni mərhələsinin meydana gəlməsi XIX əsrin sonu XX əsrin əvvəllərinə təsadüf edir. Elmi fikir tariximizin bu mərhələsi özündə neçə-neçə parlaq simaları, məşhur ad və imzaları birləşdirir. Onların sırasında akademik Mirəsədulla Mirqasımovun xüsusi yeri və mövqeyi var. Bu mövqeyin müstəsnalığı ilk növbədə onunla şərtlənir ki, akademik Mirəsədulla Mirqasımov yuxarıda haqqında bəhs etdiyimiz yeni elmi mərhələnin əsasını qoyanlardan, onu həm elmi, həm elmi-təşkilati, həm də mənəvi baxımdan təşkil edənlərdən biri, bəlkə də birincisidir. Hər halda həmin tarixi mərhələdə: epoxaların kəsişməsində, tarixi zamanların qovşağında onun müdrik və işıqlı siması digərlərindən daha parlaq görünür. Bu mənada Mirəsədulla Mirqasımov hər şeydən öncə yüzilliklərin qovuşmasını epoxaların mənəvi-intellektual qovuşmasına çevirə bilmişdir. Onun daxili aristokratizmi, davranışındakı ağayanalıq, əqidəsindəki ruhanilik, başqalarına münasibətdə sakral-mənəvi dəyərlərə bağlılıq heç bir halda "sovet ziyalısı" qəlibinin dar çərçivəsinə sığmamışdır. O, bu cəhətləri ilə sanki yeni epoxa içərisində ayrıca bir epoxa idi...

Mirəsədulla Mirqasımovun şəxsiyyətindəki sanbal öz tipoloji əsası etibarilə, şübhəsiz, XX əsrin əvvəlləri Azərbaycan milli ziyalı elitasına söykənir. Bu mənada onun da şəxsiyyəti Üzeyir bəy Hacıbəyli, Hüseyn Cavid, Cəfər Cabbarlı və b. ziyalılar kimi milli epoxa ilə sovet epoxasını özündə birləşdirir. Azərbaycan Xalq Cümhuriyyətinə məxsus milli dəyərlər sovet dövründə belə şəxsiyyətlərin timsalında öz mövcudluğunu qoruyub saxlamış, yeni ictimai-siyasi şəraitdə milli varlığımızın qarantı rolunda çıxış etmişdir.

Bu tarixi dönəmdə istər Şərq-Qərb, istərsə də milli və sovet epoxalarının kəsişməsi elə bir mürəkkəb mənəvi-kulturoloji proses olmuşdur ki, buna bir qədər geniş kontekstdə - XX əsrin əvvəllərində Azərbaycanda, xüsusən də Bakıda gedən ictimai proseslər işığında nəzər yetirmək lazımdır. XX əsrdə Azərbaycanda, xüsusən də Bakı mədəni mühitində ziyalılarımızın dünyaya yeni baxışının nəticəsi olaraq, Azərbaycan elmi fikri Qərb elmi-nəzəri düşüncəsi ilə sintez olunub tamamilə fərqli keyfiyyətdə yeni mərhələyə qədəm qoyur. Gələcəyin böyük alimi Mirəsədulla Mirqasımovun uşaqlıq illəri məhz belə bir tarixi dövrə təsadüf edir və qeyd olunan ictimai-siyasi və mədəni-mənəvi proseslər gələcəyin böyük ziyalısının formalaşmasına ciddi təsirini göstərməkdə idi.

Akademik Mirəsədulla Mirqasımov 1883-cü il noyabrın ayının 17-də Bakıda müsəlman dini seminariyasında ərəb dili fənnindən dərs deyən Mirələsgər müəllimin ailəsində dünyaya göz açmışdır. Uşaqlıq illərində Mirəsədulla Mirqasımov ailə mühitinin təsiri ilə klassik Şərq-müsəlman biliklərini dərindən mənimsəyir, şəriət dərsləri, Qurani-Kərim, sərf-nəhf (qrammatika) öyrənir, "Gülüstan" və "Bustan" kimi əxlaqi-didaktik əsərlərin mənəvi ruhunda tərbiyə olunur. Bir tərəfdən mənsub olduğu nəslin xüsusiyyətləri, digər tərəfdən ailə mühitindən irəli gələn dini görüşlər onun Şərq mədəniyyətinə məxsus dəyərləri dərindən mənimsəməsinə, bu dəyərlərin mənəvi işığında formalaşmasına səbəb olur. Lakin o, yalnız bu çevrə ilə qapanıb qalmır. Eyni zamanda yeni mədəni dalğa kimi özünü göstərən rus-Avropa təhsil sistemi də Mirəsədullanı lap uşaqlıq illərindən özünə cəlb edir. Belə ki, 1889-1903-cü illərdə ibtidai məktəbdə və ruhani seminariyasında təhsil alan Mirəsədullanın daxili istəyi ilə yeni elmi-mədəni mühitə doğru can atır, 1903-cü ildə Bakı rus gimnaziyasına daxil olur. Hətta klassik müsəlman ənənələrinin tərəfdarı olan valideynlərinin, yaxın qohumlarının etirazları belə Mirəsədullanı tutduğu yoldan döndərə bilmir. O, Şərq mənəvi-əxlaqi dəyərləri ilə Qərb elmi biliklərinin vəhdətini axtarır. Məhz belə bir arzunun nəticəsi olaraq gənc Mirəsədulla 1907-ci ildə elmi biliklər ardınca o zaman yeni humanist ideya və dəyərlərləri ilə seçilən Avropaya yollanır. Balkanlardan Almaniyayadək elm və təhsil axtarışı ilə gəzib dolanan M.Mirqasımov sonda Rusiyada qərar tutur, 1908-ci ildə Odessa şəhərində Novorossiysk İmperator Universitetinin (hazırda İ.Meçnikov adına Odessa Milli Universiteti) tibb fakültəsinə daxil olur, 1913-cü ilədək bu fakültədə tibb elminin incəliklərini dərindən mənimsəyir. Mirəsədulla Mirqasımovun olduqca zəngin həyat bioqrafiyasında 1912-ci il xüsusi bir macəra səhifəsidir. Həmin il o təhsilini davam etdirmək üçün maddi vəsait toplamaq məqsədilə bir il müddətinə akademik məzuniyyət götürərək Sakit okeanda balina ovlayan gəmidə həkim vəzifəsində işləyir. Sözün həqiqi mənasında tufanlara, burulğanlara düşür, hətta həyatını belə itirmək təhlükəsi ilə üzləşir. Lakin həyatın burulğanlarında bərkə-boşa düşüb mətinləşmiş gənc Mirəsədullanın iradəsini okeanların fırtınası belə sarsıda bilmir. O, tələb olunan vəsaiti toplayıb geri dönür və təhsilini başa vurur.

Gənc Mirəsədulla tələbəlik illərində yalnız tibb elminin incəliklərini öyrənməklə kifayətlənmir. Rusiya mühiti Mirəsədulla Mirqasımovun ictimai görüşlərinin formalaşmasında, bir vətəndaş-ziyalı kimi yetişməsində həlledici rol oynayır.

Bir çox ictimai fəaliyyət növlərinə maraq göstərməsinə baxmayaraq Mirəsədulla Mirqasımov hər şeydən əvvəl həkim idi. Məhz ona görə də o, həkimlik diplomunu aldıqdan sonra Odessanın müxtəlif klinika və xəstəxanalarında ordinator kimi cərrahiyyə əməliyyatları aparıb, öz ixtisasını, nəzəri biliklərini praktikada sınaqdan çıxarmışdır. Əsaslı cərrahi hazırlığa yiyələnmiş gənc Mirəsədulla 1916-cı ildə Bakıya qayıdır. O olduqca mürəkkəb bir tarixi şəraitdə - 1917-ci ilin fevral və oktyabr inqilablarını, vətəndaş müharibəsini, qısa ömürlü Azərbaycan Xalq Cümhuriyyətini, 1920-ci ilin aprel çevrilişi və Azərbaycanda sovet hakimiyyətinin qurulmasının şahidi olur, bütün bu hadisələrin ağrı-acısını öz taleyində yaşayır. 1920-ci ildən etibarən o, Bakıda Mixaylov xəstəxanasının cərrahiyyə şöbəsində baş ordinator kimi çalışmağa başlayır. Bir qədər sonra Azərbaycan Dövlət Universitetinin tibb fakültəsində fəaliyyətini davam etdirir, daha sonra əməli cərrahiyyə və topoqrafik anatomiya kafedrasının ordinatoru vəzifəsində işləməyə dəvət edilir. 1926-cı ildə Mirəsədulla Mirqasımov Almaniyanın cərrahiyyə klinikalarına ezam olunur. Bir il sonra 1927-ci ildə o, azərbaycanlılar arasında ilk dəfə olaraq "Azərbaycanda böyrək daşı xəstəliyinin öyrənilməsinə dair materiallar" adlı doktorluq dissertasiyasını müdafiə edir. 1929-cu ilin yanvarında Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinin Hospital cərrahiyyəsi kafedrasının professoru olur. İki il sonra isə həmin kafedranın müdiri təyin edilir və ömrünün sonuna qədər bu fəaliyyətini davam etdirir. Mirəsədulla Mirqasımov bütövlükdə ömrünün 35 ilini universitetə həsr edir. 1930-cu il iyun ayının 19-da Azərbaycan Dövlət Universitetinin tibb fakültəsi Azərbaycan Dövlət Tibb İnstitutuna çevrilir, bu təhsil ocağı Mirəsədulla Mirqasımovun həkimlik istedadının bütövlüklə üzə çıxmasına, bu sahədəki fəaliyyətinin daha geniş miqyasda reallaşmasına zəmin yaradır.

İkinci Dünya müharibəsi illərində Mirəsədulla Mirqasımovun həkimlik fəaliyyəti daha da genişlənir. Alim ötən gənclik çağlarında - Birinci Dünya müharibəsində yaralıların müalicəsində qazandığı təcrübəsinə əsaslanıb, arxa cəbhədə evakuasiya-təxliyə hospitalları şəbəkəsini yaradır, onlara birbaşa başçılıq edir. Onun bu xidməti layiqincə dəyərləndirilir və o, dövlət tərəfindən müxtəlif orden və medallarla təltif olunur.

1945-ci ildə Azərbaycanda elmi prosesləri daha mütəşəkkil, Azərbaycanın təbii ehtiyatlarının, tarixinin, mədəniyyətinin, təbiətinin daha sistemli öyrənilməsi məqsədilə Azərbaycan Elmlər Akademiyası təsis edilir. Elmi ictimaiyyət tərəfindən seçilmiş ilk akademiklərin yığıncağında tibb sahəsində zəngin elmi təcrübəsi və elmi-təşkilati işdə xüsusi səriştəsi ilə fərqlənən akademik Mirəsədulla Mirqasımov Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti seçilir. Akademiyanın prezidenti kimi M.Mirqasımov ilk nitqində aşağıdakıları qeyd edir: "Azərbaycan Elmlər Akademiyasının təşkili respublikada mədəni və elmi quruculuğun yeni mərhələsini ifadə edir, bu Azərbaycan xalqı və onun bütün elmi ictimaiyyəti üçün böyük, sevincli bir bayramdır... Azərbaycan Elmlər Akademiyasının bütün fəaliyyəti xalqın maraqlarına, respublikamızda elm və mədəniyyətin əsas qüvvələrinin gələcək inkişafına xidmət etməlidir". Beləliklə, Elmlər Akademiyasının təsis edilməsi ilə Azərbaycan elmi fikrinin inkişafı tarixində ilk dəfə olaraq elmi fəaliyyət mükəmməl təşkilati struktura malik sistemli xarakter alır. 1945-1947-ci illərdə akademiyanın prezidenti olduğu dövrlərdə akademik Mirəsədulla Mirqasımov elmi fəaliyyətin yeni akademik təşkilati strukturda qurulması istiqamətində olduqca əhəmiyyətli tədbirlər həyata keçirir, istər təbiət, texnika, istərsə də ictimai, humanitar elm sahələrinin gələcək inkişaf perspektivləri üçün zəruri olan istiqamətlərin əsasını qoyur. Alimin şəxsi mənəvi-əxlaqi keyfiyyətləri, zəngin elmi təcrübəsi bu sahədə fəaliyyəti üçün olduqca əhəmiyyətli rol oynayır. Böyük alim yeniliyi təbliğ etməklə yanaşı, həm də bu ideyaları gerçəkləşdirənlərin ilk cərgəsində özünə layiqli yer tutmuşdur. Önəmli olan budur ki, akademik Mirəsədulla Mirqasımov cəmiyyətin inkişafı naminə fəal vətəndaş mövqeyində olmuşdur. Onun daxili mənəvi zənginliyinin, müdrikliyinin göstəricisi olan və zərbi-məsəllərə çevrilən müdrik kəlamları indi də dildən-dilə dolaşmaqdadır: "Rəhbərin mənəvi keyfiyyətləri çox vacibdir və kollektivdəki ab-havaya və əxlaqi iqlimə əhəmiyyətli dərəcədə təsir edir"; "Mərhəmət - bir həkimin ən vacib əxlaqi başlanğıcıdır və o olmadan xəstənin ağ xalatdakı insana etibarı ola bilməz"; "Qüsursuz səmimiyyət, qəti məqsədyönlülük və hədsiz əməksevərlik. Gənc bir insanı həyatda doğru uğurlara, cəmiyyətdəki müəyyən yerə və şəxsi səadətə aparan xüsusiyyətlər bunlardır". Elmlər Akademiyasının prezidenti vəzifəsini tutduğu dövrdən danışarkən qeyd edilməlidir ki, bu dönəmdə görkəmli alimin elmi istedadı və təşkilatçılıq bacarığı özünü daha aydın şəkildə biruzə verir. Akademik M.Mirqasımov böyük məharətlə müxtəlif profilli elmi müəssisələri idarə edir, akademiyanı Azərbaycanda elmi tədqiqatların əlaqələndirilməsi üzrə həqiqi bir elm mərkəzinə çevirir. Elmlər Akademiyasının tarixində bu dövr təkcə maddi-texniki bazanın gücləndirilməsi, kadrların seçilməsi kimi çətin təşkilatçılıq məsələlərinin həlli ilə deyil, həm də fundamental təbiət və ictimai elmlərin genişlənməsi və dərinləşməsi, elmi mühitdə yeni orijinal elm sahələrinin yaranması və inkişafı ilə də səciyyələnir. Akademik M.Mirqasımovun EA-ya rəhbərliyi dövründə həyata keçirilən elmi-təşkilati tədbirlər içərisində aşağıdakıları xüsusilə qeyd etmək lazımdır:

  • 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının Biologiya və Kənd Təsərrüfatı bölmələri təşkil olunur;
  • elə həmin il akademiyanın Eksperimental Təbabət İnstitutu, Fəlsəfə və Hüquq İnstitutu, Neft İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Coğrafiya İnstitutu, Fizika və Mexanika İnstitutu, Nizami adına Ədəbiyyat Muzeyi yaradılır;

respublikadakı elmi prosesləri bütöv halda koordinasiya etmək məqsədilə 1946-cı ildə Azərbaycan Elmlər Akademiyası Rəyasəti Heyəti yanında Elmi-Tədqiqat İşləri üzrə Əlaqələndirmə Şurası yaradılır;

  • 1946-cı ildə akademik M.Mirqasımovun bilavasitə rəhbərliyi ilə respublikada Oftalmologiya Elmi-Tədqiqat İnstitutu təşkil edilir.

Akademik M.Mirqasımovun EA-ya rəhbərliyinin növbəti ilində - 1947-ci ildə neft sənayesində mühüm irəliləyişlərə səbəb olan elmi nəticələr əldə olunur. Həmin il SSRİ-də ilk dəfə olaraq Bakı zavodlarında aviakerosin - "T-1" yanacağı əldə edilir və bu işə görə Azərbaycan alimləri qrupu SSRİ Dövlət mükafatına layiq görülür.

Yenə həmin ildə Azərbaycan alimləri sürtkü yağlarının soyuma hərarətini aşağı salan ilk yerli depressator aşqarını sənayeyə tətbiq edir və bu tapıntının müəllifləri də 1948-ci ildə SSRİ Dövlət mükafatı almışdılar.

Həmin dövrdə elmi-tədqiqat institutlarında, laboratoriyalarda elmi işlər genişləndirilir, öz tədqiqatları ilə milli elmimizi zənginləşdirən gənc alimlər nəsli yetişdirilir. Akademik Mirəsədulla Mirqasımovun rəhbərliyi ilə 5 elmlər doktoru, 20-dən artıq elmlər namizədi yetişdirilmişdir. Onlardan tibb elmləri doktorları Q.A.Məmmədzadəni, A.N.Tahirovu, A.B.Ağalarovanı, T.D.Həbiblini, A.A.Nəzərovu, M.M. Tağıyevi, elmlər namizədləri A.M.Əlizadəni, A.R.Əlizadəni və b. misal göstərə bilərik. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə Akademiyada ziyalılarla görüşündə demişdir: "Akademiyanı yaradan adamlar, Azərbaycanın böyük alimləri çox böyük şücaət göstərmişlər. Ötən dövrdə bu Akademiyanın çərçivəsində Azərbaycan elmi çox inkişaf etmişdir". Heç şübhəsiz, ümummilli liderin "böyük şücaət göstərmiş alimlər" kimi xarakterizə etdiyi bu şəxslər içərisində Mirəsədulla Mirqasımovun xüsusi yeri vardır.

Azərbaycan tibb elminin inkişafında akademik Mirəsədulla Mirqasımovun xidmətləri üzərində xüsusi olaraq dayanmaq lazımdır. Təbii ki, Azərbaycanda təbabət elminin tarixi zəngindir. Və adı bütün Şərqə bəlli olan Bəhmənyar, İsa ər-Raqi, Kafiyyəddin, Əbdulməcid ət-Təbib, Məhəmməd Şirvani, Məhəmməd Təqi Tufarqanlı və daha neçə-neçə həkim-loğman öz əsərləri və fəaliyyətləri ilə tibb elminə töhfələr vermişlər. Lakin yalnız 1918-ci ildə milli müstəqilliyimizin ilk Avropa tipli dövlət modeli olan Xalq Cümhuriyyəti dönəmində müasir təbabət elminin əsası qoyulmağa başlandı. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması haqqında qərarından sonra tibb fakültəsi təsis olundu. Tibb fakültəsini bitirənlər arasında gələcəyin görkəmli alimləri yetişdi. Bir neçə il sonra universitetdə artıq ilk azərbaycanlı elmlər doktorları vardı. M.Topçubaşov, M.Sultanov, S.Vəlixan və A.Cəfərovla bərabər, M.Mirqasımov da bu sıraya daxil idi. Onların içərisində Mirəsədulla Mirqasımovun xüsusi yeri vardı.

Bu bir həqiqətdir ki, iyirminci əsrin əvvəllərində Azərbaycan tibb elminin inkişaf istiqamətlərini, fəaliyyət dinamikasını, sözün gerçək anlamında, Mirəsədulla Mirqasımovun tədqiqatları stimullaşdırmış, milli elmi tibb məktəbinin formalaşmasında onun müstəsna xidmətləri olmuşdur.

Görkəmli alimin tibb elminin müxtəlif problemlərinə aid mühazirələri aydınlığı və dərin məzmunu, yüksək nəzəri səviyyəsi ilə fərqlənmiş, buna rəğmən həmişə böyük auditoriyaları cəlb etmişdir. Tələbələri xatırlayır ki, onu yalnız bu və ya digər fənnə dair faktiki materialların mənimsənilməsi deyil, həmçinin gələcək həkimlərin ümumi bilik səviyyəsi, dünyagörüşü həddən ziyadə maraqlandırırdı.

Akademik dəfələrlə təkrar edirdi: "Cərrahlığın gələcəyi onun ixtisaslaşdırılmasındadır". O, gənc həkimləri bütün bacarıqlarını cərrahiyyənin konkret bir bölməsində cəmləşdirməyə dəvət edirdi. Və həkimlərin öz ixtisaslarını artırmaları üçün əlindən gələni əsirgəmirdi. Alimin rəhbərlik etdiyi kafedranın işçiləri ölkənin müxtəlif elmi-tədqiqat müəssisələrinə, Moskva, Leninqrad, Odessa şəhərinin ixtisaslaşmış klinikalarına göndərilirdi. Bununla yanaşı, M.Mirqasımov kliniki fənlərin, xüsusilə də kliniki cərrahiyyənin tədrisi metodlarının təkmilləşdirilməsinə böyük əmək sərf edir, qayğı göstərirdi. Böyük alim Tibb Universiteti tələbələri üçün Azərbaycan dilində yazılan və 1933-cü ildə nəşr edilən ilk dərsliyin - "Ümumi cərrahlığın ümumi kursu" kitabının müəllifidir. Ümumiyyətlə, alim 45 illik elmi-tədqiqat fəaliyyəti dövründə 90 elmi iş, 5 monoqrafiya nəşr etdirmişdir.

Həmin dövr üçün tibb sahəsinin aktual elmi problemlərindən hesab olunan infeksiya və əməliyyat yaralarının müalicəsi, uronefrologiyada əməliyyat məsələləri, döş qəfəsi və qarın boşluğu cərrahiyyəsi, travmatologiya, sümük-oynaq vərəmi, qarın yatalağının cərrahi çətinlikləri və s. istiqamətlər Mirəsədulla Mirqasımovun əsas tədqiqat sahələri idi. O, həzm yolu, qara ciyər və öd kisəsi, sidik-tənasül orqanları, dalaq, əl və ayaq üzrə bir çox müxtəlif cərrahi əməliyyatlar aparmışdır. Alim-cərrah həm nəzəri, həm də praktiki istiqamətlərdə eyni həvəslə fəaliyyət göstərirdi. SSRİ Elmlər Akademiyasının akademiki A.Zabludovski azərbaycanlı alimin tibb elmi qarşısındakı xidmətlərini vurğulayaraq qeyd edirdi: "Akademik M.Mirqasımov kliniki və hərbi-səhra cərrahiyyəsinin inkişafı üçün misilsiz işlər görmüş, böyük və nüfuzlu alim-cərrahdır. Rusiya üçün Piroqov nə qədər dəyərlidirsə, Azərbaycan üçün M.Mirqasımov eyni dərəcədə dəyərlidir". M.Mirqasımov uzun illər Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığı Kollegiyasının üzvü, Elmi Tibb Şurasının, Azərbaycan Tibb Cəmiyyətinin, eləcə də müxtəlif metodoloji komissiyaların və terminologiya komitəsinin sədri olmuşdur. Ümumittifaq Uroloqlar Cəmiyyətinin (ÜUC) üzvü olan Mirəsədulla Mirqasımov Azərbaycan uroloqlarının ilk konfransında (1955-ci il) və ÜUC-un 1958-ci ildə keçirilmiş konfransında Rəyasət Heyətinin fəxri sədri seçilmişdir. Akademik A.Sulukidzenin ölkənin ən böyük uroloqlarından biri adlandırdığı akademik M.Mirqasımov artıq 1956-cı ildə Dünya Cərrahlar Assosasiyasının üzvü idi.

Mirəsədulla Mirqasımov həm də nümunəvi ailə başçısı idi. Ömür-gün yoldaşı Ceyran xanımla onun səmimiyyətə, sevgiyə əsaslanan qarşılıqlı münasibətləri ətrafdakılar üçün nümunəvi təsir gücünə malik idi. Heç də təsadüfi deyil ki, Mirəsədulla Mirqasımovun tərbiyəsini almış övladları Azərbaycanda elmin və mədəniyyətin müxtəlif sahələrinin inkişafında rol oynamış nümunəvi ziyalılardır. Ümummilli lider Heydər Əliyevin Elmlər Akademiyası ilə bağlı söylədiyi kəlam Mirəsədulla Mirqasımovun 130 illik yubileyi ərəfəsində tamamilə yeni məna kəsb edir: "Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan xalqının milli sərvətidir. Onu qoruyub saxlamalıyıq!" Hər yetişən nəsil ulu öndərin bu nəsihətinə əməl etdikcə akademik Mirəsədulla Miqasımovun da ruhu qarşısında Azərbaycan ziyalısının mənəvi borcu ödənilmiş olacaqdır...

Xarici keçidlər

redaktə