Elmi mübahisələr/Dolayı etiraf da bizi təmin edir (H.İsrafilova ikinci cavab)
←“Kor tutduğunu buraxmaz” (H.İsrafilova cavab) | Elmi mübahisələr. Dolayı etiraf da bizi təmin edir (H.İsrafilova ikinci cavab) Müəllif: Kamil Allahyarov |
Tarixi şəxsiyyətlərə tarixilik baxımından yanaşmaq lazımdır (Güntaya cavab)→ |
«Elm» qəzetinin 20 mart 2007-ci il tarixli nömrəsində filologiya elmləri doktoru Hüseyn İsrafilin bizim bir yazımızla bağlı məqaləsi dərc edilmişdir. Onunla bizim aramızdakı əhvalat isə belə vaqiyə olmuşdur: 1999-cu ildə Bakıda «Çıraq» (№ 6), İstanbulda isə «Tarih» (kasım ayı) dərgilərində bizim «Turan-türk və qun-quz etnonimləri» adlı məqaləmiz dərc edilmişdi. H.İsrafil isə bizim məqalədəki fikirlərimizlə razılaşmayaraq, bu barədə «Çıraq» jurnalında özünün geniş tənqidi rəyini dərc etdirdi. Onun məqaləsi tam əsassız və diletantlıq səviyyəsində yazıldığına görə onun hər bir cümləsinə bir neçə səhifə izahat vermək lazım idi. Belə halda isə biz bu barədə bir kitab həcmində cavab hazırlamalı olardıq. Ona görə də o zaman biz onun yazısını cavabsız qoyduq. Bun¬dan sonra isə onunla bizim aramızda heç bir əlaqə və ya müna¬sibət olmamışdır. Ancaq 2006-cı ilin oktyabr ayında H.İsrafil həmin məqaləni hissələrlə «Kredo» qəzetinin üç nömrəsində «Ortaq məkan – mənəvi Turan» başlığı altında yenidən dərc etdirdi. Bu isə həm elmi prinsiplərə, həm də etik normalara uyğun olmayan bir hərəkət idi. Bundan əlavə, yalançı türkçülərin psixologiyasına yaxşı bələd olduğumuza görə biz düşündük ki, əgər bu dəfə də ona cavab yazmasaq, onda H.İsrafil bu məşhur əsərini hər il yenidən dərc etdirə bilər. Beləliklə, biz onun mə¬qa¬ləsinin yeni nəşrinin əlimizə ilkin düşən ikinci sayının (Kredo qəzeti, 21 oktyabr 2006-cı il) birinci sütununa cavab hazır¬ladıq, qalan 14 qəzet sütunu barəsində isə, yuxarıda qeyd edilən səbəb üzündən (yəni H.İsrafilin qeyri-professionallığı üzündən onun hər bir cümləsinə uzun-uzadı izahatlar vermək zərurəti yarandığına görə) cavab vermədik.
İndi, filologiya elmləri doktoru H. İsrafil bizim cavab məqaləmizə də («Kor tutduğunu buraxmaz». «Elm» qəzeti, 30 noyabr 2006-cı il) cavab yazmışdır («Elmi mübahisəni təhqir və söyüş vasitəsinə çevirmək nadanlıq və acizlik əlamətidir». «Elm» qəzeti, 15 fevral). Öz cavab məqaləsinin əvvəlində H.İsrafil bizim məqaləni «kor inadkarlıqla elmi təfəkkürə uyuşmaz, kin-küdurətlə yük-lən¬miş mənhus xülyanın məhsulu» adlandıraraq, yazır: «Elmi mübahisədə təhqiramiz, qərəzli ifadələrə, aşkar böhtanlara yol vermək təfəkkür sahibi alimliyinin yox, nadanlığın, mənəviyyatsızlığın əlamətidir». Daha sonra o, «Elm» qəzetinin redaksiyasını bizim məqaləni dərc etməkdə günahlandırır və o cümlədən, redaksiyaya belə bir irad tutur ki, «Elm» qəzeti «Molla Nəsrəddin» və ya «Zənbur» kimi satira orqanı deyil».
«Elm» qəzetinin redaksiyası isə H. İsrafilin bu qəzetin ünvanına söylədiyi iradlara münasibət bildirərkən, haqlı olaraq, qeyd etmişdir ki, «siz bizi K.Hüseynoğlunun yazısında işlətdiyi «təhqiramiz» ifadələri (məsələn, «yalançı elm», «yalançı türkçülük», «kələkbazlar», «savadsızlar», «plagiatlar», «cəfəngiyyatlar», «fanatiklər», «şovinistlər», «yaramazlar» və s.) olduğu kimi verməkdə suçlayırsınız. Diqqətlə fikir versəniz, görərsiniz ki, bu ifadələrin heç biri birbaşa Sizə ünvanlanmayıb. Müəllif «psevdoelm», «kvazielm» terminləri əvəzinə, dilimizdə daha aydın olan «yalançı elm» ifadəsini işlətmişdir. Digər ifadələr də heç də Sizin qeyd etdiyiniz kimi «təhqir və söyüş səviyyəsi»ndə olan ifadələr deyil». Redak¬siyanın bu qeydinə onu da əlavə etmək istərdik ki, yuxarıda göstərilən söz və ifadələrin hamısı (sonuncudan başqa) həm mətbuatda, həm də elmi dildə tez-tez rast gəlinən istilahlardır. Sonuncu «yaramaz» sözü isə bizim leksikonumuzda yox, məqalənin sonunda verilmiş lətifənin mətnində işlədilmiş söz¬dür. Həmin lətifənin verilməsi və bizim əvvəlki məqaləmizin adı isə («Kor tutduğunu buraxmaz») H.İsrafilin çoxdan çap olunmuş məqaləsini 7 ildən sonra heç bir əsas olmadan yenidən nəşr etdirməsi ilə bağlıdır. İndiki məqaləmizin başlığı da, yuxarıda verilən sitatlardan da göründüyü kimi, onun cavab məqaləsinin mahiyyətindən doğan qanunauyğun sərlövhədir.
Nəhayət, H. İsrafil bütün bu əsassız sözlər¬dən sonra bizim cavab məqaləmizin «tənqid»inə başlayaraq, deyir: «Hüseynoğlu yeni məqaləsində yazır: «Kredo» qəzetinin 21 oktyabr 2006-cı il sayından başlayaraq üç nömrəsində filologiya elmləri doktoru Hüseyn İsrafilovun «Ortaq məkan – mənəvi Turan» adlı məqaləsi çap olunmuşdur («Ortaq məkan – mənəvi Turan» «Çıraq» jurnalının rubrikasıdır…. Mənim cavab məqaləmin adı isə «Aydınlıq naminə»dir)».
Bizdən gətirilən sitatdan da göründüyü kimi, biz onun «Kredo» qəzetində dərc edilmiş məqaləsindən danışırıq, «Çıraq» jurnalından yox. Onun məqaləsi isə «Kredo» qəzetinin hər üç nömrəsində məhz «Ortaq məkan – mənəvi Turan» başlığı altında çap olunmuşdur. Əgər H.İsrafil bundan xəbərsizdirsə, xahiş edirik «Kredo» qəzetinin 21 oktyabr və 28 oktyabr 2006-cı il nömrələrinə bir də baxsın. Bunların heç birində «Aydınlıq naminə» ifadəsi və ya başlığı yoxdur. Yalnız qəzetin 14 oktyabr 2006-cı il sayında başlıq kimi yenə «Ortaq məkan – mənəvi Turan» adı verildikdən sonra birinci sütunun əvvəlində kiçik hərflərlə «Aydınlıq naminə» ifadəsi yazılmışdır ki, bu da sərlövhə sayıla bilməz. «Çıraq» jurnalının sözügedən nömrəsi isə bizim əlimizdə yoxdur. Bizim əlimizə ilkin olaraq H.İsrafilin «Kredo» qəzetində dərc edilmiş nəşrinin ikinci sayı düşdüyündən biz təxmini olaraq hiss etdik ki, onun məqaləsinin 7 il əvvəl «Çıraq» jurnalındakı nəşri belə başlamırdı. Ona görə də biz öz məqaləmizdə yazmışdıq ki, «H.İsrafilov öz məqaləsinin indi çap etdirdiyi varinatının əvvəlinə bir qədər yeni faktlar və fikirlər də əlavə etmişdir». H.İsrafil isə buna cavab olaraq yazır ki, «Çıraq» jurnalında və sonradan «Kredo» qəzetində çap etdirdiyim məqalələrimdə bircə söz fərqi də yoxdur». Ola bilər ki, bu, başlıqlar istisna olmaqla, doğrudan da belə olsun. Ancaq, digər tərəfdən də bu, heç də H.İsrafilin yazdığı kimi, «ağ yalan, abırsız saxtakarlıq» yox, bizim orada haqqında bəhs etdiyimiz elmi məsələnin mahiyyətinə heç bir təsir göstərməyən texniki qüsurdur. Yuxarıda onun məqaləsinin başlıqlarından danışarkən biz artıq gördük ki, o özü daha kobud texniki qüsurlara yol vermişdir, ancaq biz bunu heç də «abırsız saxtakarlıq» adlandıra bilmərik. Biz isə əvvəlki məqaləmizdə H.İsrafilin yeni nəşrində dəyişiklik edib-etmədiyini yox, onun Ə.Hüseynovdan gətirdiyi sitatın sonundakı «Avesta əlifbası bu gün elmdə «Uyğur əlifbası» adlananla eyni əlifbadır» fikrini haqlı olaraq «ağ yalan» adlandırmışdıq. Ancaq cavab məqaləsində H.İsrafil bu məsələnin üstündən sükutla keçmişdir. Görünür o, bizim tərəfimizdən qeyd edilən bəzi səhvlərini öz cavab məqaləsində etiraf etdiyi kimi, bu məsələ barəsində yazdıqlarımızla da razılaşmalı olmuşdur.
H. İsrafilin əvvəlki məqaləsində bizə yeni əlavə edilmiş fikir kimi görünmüş məsələ isə bundan ibarətdir ki, o, öz fikirlərinin təsdiqi kimi mərhum Ə.Hüseynovdan belə bir sitat gətirmişdir ki, guya «Avesta» əvvəlcə türk dilində olmuş, sonradan pəhləvi dilinə tərcümə edilmişdir. Bizim cavab məqaləmizdə bunu təkzib edən inkarolunmaz sübutlar gətirildikdən sonra H.İsrafil çıxılmaz vəziyyətdə qalaraq, bunu ört-basdır etmək məqsədilə belə yazır: «K.Hüseynoğlunun Ə. Hüseynovun məqaləsindən gətirdiyimiz bu xülasədən çıxardığı «qənaət» budur ki, guya mən digər yalançı türkçülərə istinadən iddia edirəm ki, «Avesta» əvvəlcə türk dilində yazılıb, sonradan pəhləvi dilinə tərcümə edilib. K.Hüseynoğlunun məxəzlərdə, tədqiqatlarda ifadə olunan fikirlərə «şərhlər»inin əksəriyyəti elə bu cürdür».
İndi H. İsrafilin birinci məqaləsində Ə. Hüseynovdan gətirdiyi həmin sitata və ondan sonra yazdığı öz sözlərinə nəzər sa-laq və görək bunlardan bizim gəldiyimiz qənaət çıxır, ya yox: «Azər¬pad adlı bir azərbaycanlı «Avesta»nı pəhləvi dilinə tərcümə etmişdir. Tərcümə zamanı pəhləvi dilində qarşılığı ta-pıl¬madığı üçün əsərdəki bir çox məfhumlar, istilahlar əslində (yəni orijinalda – K.Hüseynoğlu) olduğu kimi saxlanılır. «Aves-ta»¬nın bu tərcümələri üzərində apardığımız axtarışlar nəticəsində biz bir sıra qədim Azərbaycan sözləri ayıra bilmişik».
Bu sitatdan «Avesta»nın türk (Azərbaycan) dilindən pəhləvi dilinə tərcümə edilməsi «fikri» aydın görünür. Sitatdan dərhal sonra H.İsrafilin özünün söylədiyi aşağıdakı cümlədən də aydın görünür ki, o özü də belə hesab edir və həmin sitatı təsdiq edir: «Müəllifin hazırladığı «Avesta» tərcümələrində qalan qədim Azərbaycan sözlərinin bir sırasının cədvəlini eyni ilə burada veririk». Göründüyü kimi, burada H.İsrafilin özü də Ə.Hüseynovun fikirlərinə şərik olaraq, «Avesta»nın orijinalının («əslinin») türkcə olduğunu, sonradan pəhləvi dilinə tərcümə edildiyini bildirir və guya tərcümədən sonra mətndə «qalan qədim Azərbaycan sözlərindən» danışır. Ancaq «Elm» qəzetində çap olunmuş cavab məqaləsində isə o, səhvini etiraf etmək istəməyərək, belə yazdığını inkar etməyə çalışır. Yuxarıda göstərilən cümləsindən sonra H.İsrafil guya «Avesta»da olan 22 türk sözünün siyahısını verir. Biz isə öz məqaləmizdə göstərmişik ki, həmin sözlərin əksəriyyəti nə «Avesta», nə də qədim türk sözlüklərində vardır. Olanlar da səs tərkibi baxımından oxşar olsalar da, mənaca uyğun deyillər (bu isə bütün dünya dilləri arasında olan adi haldır). Bizim sonuncu fikrimizin təkzibi isə yalnız ondan ibarət ola bilərdi ki, H.İsrafilin Ə.Hüseynovla birlikdə guya türk dilindən pəhləvi dilinə tərcümə zamanı «Avesta» mətnində saxlanılmış türk söz-ləri hesab etdikləri «leksik vahidlərin» «Avesta»da və hansısa türk lüğətlərində olduğu göstərilərdi. Ancaq bunu etmək əvə-zinə H.İsrafil birinci məqaləsində Ə.Hüseynovdan gətirdiyi həmin sitatı «yenidən səsləndirir» və sanki, günahı sonuncunun üzərinə qoymağa çalışaraq, yazır: «Avesta», onun dili, oradakı qədim Azərbaycan (türk) sözləri və çap olunduğu əlifba haqqında fikirlər isə görkəmli şərqşünas, 60-cı illərdə «Aves-ta»nı orijinaldan oxuyan yeganə mütəxəssis Ə.Hüseynova məxsusdur.
Biz keçmiş məqaləmizdə mərhum Ə.Hüseynovun adını çəkmək istəməmişdik. İndisə H.İsrafilin bu sözlərinə cavab olaraq ona xatırlatmağa məcburuq ki, Ə.Hüseynov həm də yeganə mütəxəssisdir ki, 80-ci illərin ortalarında Naxçıvandakı İlanlı dağın başında Nuhun gəmisini tapdığı barədə məqalə yazmışdı və Azərbaycan Kommunist Partiyasının o zamankı birinci katibi K.Bağırov yalançı alimləri tənqid etdiyi çıxışında onun da adını çəkmişdi. Ancaq o zamandan 20 il keçməsinə baxmayaraq, hələlik Nuhun gəmisindən heç bir əsər-əlamət üzə çıxmamışdır.
Bundan sonra isə H. İsrafil yenə əvvəlki məqaləsində dediyi fikirləri danmağa çalışaraq, belə yazır: «K.Hüseynoğlu hind-Avropa dilləri, bu dillərdə oxşar və eyni mənalı sözləri olması barədə mövcud tədqiqatlardan köçürdüyü izahlar əsasında uzun bir bəhs açdıqdan sonra deyir ki, guya mən skif və «Avesta» dillərini «türk dili» hesab edirəm. Bu ağ iftiradan başqa bir şey deyildir».
Birinci, əgər biz «mövcud tədqiqatlardan köçürmüşüksə», onda qoy H. İsrafil həmin tədqiqatları göstərsin, əgər göstərə bilmirsə, onda belə əsassız sözlər yazmasın. İkincisi isə, əgər onun «Avesta» və skif dillərini türk dili hesab etməsi barədə bizim yazdıqlarımız «iftiradırsa», onda bəs «Avesta» dili barədə yuxarıda deyilənləri, skiflər barədə isə onun «Ortaq məkan – mənəvi Turan» adlı məqaləsindəki aşağıdakı cümlələri kim yazmışdır: «Bəllidir ki, qədim yunanlar, bizanslar, avropalılar və farslar türkləri həm də «saka», «skif», «iskit» adlandırırdılar və çox halda da bu iki adı qoşa işlədirlər: türk-saka və ya saka-türk. Sakalar qədim türklərin ən çoxsaylı və qüvvətli qollarından biridir» («Kredo» qəzeti, 14 oktyabr 2006-cı il, s.2, 5-ci sütun).
Göründüyü kimi, bizim gətirdiyimiz sübutlar, skiflərin hind-Avropa mənşəli olmasına dair göstərdiyimiz konkret dil faktları qarşısında H.İsrafil yenə də əvvəlki əsassız iddialarından geri çəkilməyə məcbur olmuşdur. Ancaq, təəssüf ki, o, bunu öz səhvlərini etiraf etmək yolu ilə deyil, əvvəlki iddialarını danmaq yolu ilə etməyə çalışır (buna görə də sağ olsun, çünki başqa yalançı türkçülər heç bunu da etmirlər). Bunu da qeyd etmək lazımdır ki, skiflərin guya türk olması barədə fikir təkcə H.İsrafilə məxsus deyildir; bu fikir Azərbaycanda müvafiq sahədə yazılmış «elmi ədəbiyyatın» 90-95 faizində təkrar olunur. Bir həkim tərəfindən bu barədə hətta ayrıca kitab da yazılmışdır.
H. İsrafilin cavab məqaləsinin ilk üçdə bir hissəsini biz çox yığcam halda təhlil edib, aydınlaşdırdıq. Təəssüf ki, onun məqaləsinin qalan hissələri də elə bu cürdür. Ona görə də onların üzərində dayanıb, artıq vaxt aparmağı lazım bilmirik. Sübut üçün elə bu deyilənlər də kifayətdir ki, onun söylədiyi nalayiq söz və ifadələr, həmçinin cavab məqaləsinin sərlövhəsindəki fikir («Elmi mübahisəni təhqir və söyüş vasitəsinə çevirmək nadanlıq və acizlik əlamətidir») bizə aid ola bilməz. Görünür, bizim əvvəlki məqaləmizdəki satira ünsürlərini də H.İsrafil «söyüş» və təhqir» anlayışları ilə qarışdırmışdır. Hər halda, bizim satira sahəsindəki bacarığımızı «Molla Nəsrəddin» və «Zənbur» jurnalları ilə müqayisə etdiyinə görə ona təşəkkür edirik. Onun satiradan xoşu gəlməməsini nəzərə alaraq, biz çalışdıq ki, bu dəfə satira, daha doğrusu – kinayə və yumor üslubundan istifadə etməyək.
Bunu da qeyd etməyi lazım bilirik ki, bizim fikrimizcə, psevdotürkçülər içərisində H. İsrafil, nisbi götürdükdə, ən savadlısı və məntiqlisi olduğu kimi, həmin qrupa daxil olan adamlar üçün səciyyəvi olan fanatizm, riyakarlıq və demoqogiya kimi xüsusiyyətlər baxımından da onlardan fərqlənir. Bütün bunları, həmçinin yalançı türkçülüklə bağlı özünün keçmiş fikirlərindən, dolayı yolla olsa da, imtina etməsini, yəni öz səhvlərini başa düşməsini nəzərə alaraq, biz onu daha yalançı alimlər sırasına aid etmirik. Ümid edirik ki, bundan sonra o özü də yalançı elmlə məşğul olanlara səhv və zərərli yolda olduqlarını başa salmaqla, Azərbaycan elminin sağlamlaşdırılmasında öz xidmətlərini göstərəcəkdir.
H. İsrafilin əsas nöqsanı isə, fikrimizcə, onun bilmədiyi sahələrə baş vurması, yəni diletantlıq etməsidir. Düzdür, formal baxımdan H. İsrafil bizə deyə bilər ki, sən özün də filoloq olduğun halda, digər elm sahələri ilə də məşğul olursan. Ancaq hər şey görülən işlərin nəticəsi və keyfiyyəti ilə ölçülür. Təvazökarlıqdan uzaq olsa da, qeyd etməyə məcburuq ki, biz Azərbaycan folkloru və ədəbiyyatı sahəsində nə qədər məlumatlıyıqsa, fars və ərəb ədəbiyyatı ilə də o dərəcədə tanışıq (biz şərqşünaslıq fakültəsini bitirmişik). Yalançı türkçülərin bizimlə tez-tez mübahisəyə girişdikləri qədim türk xalqlarının tarix və mədəniyyət məsələlərini isə biz, bəlkə də Azərbaycanda sistemli şəkildə öyrənən yeganə mütəxəssisik. Ona görə də bu sahələrdə yalançı türkçülərin bizimlə mübahisəyə girməsi əbəsdir, çünki belə mübahisə həmişə diletantla mütəxəssisin çəkişməsi səciyyəsi daşıyacaq və onların «vacib əməllərinin» faş olunması ilə nəticələnəcəkdir. Bu səbəbdən də biz onlara məsləhət görürük ki, özlərinə başqa məşğuliyyət tapsınlar.