Etiqo torpağından olan Müqəddəs Kuvatori haqqında

Etiqo torpağından olan Müqəddəs Kuvatori haqqında
Müəllif: Şifahi xalq ədəbiyyatı


Müqəddəs Kuvatori işıqlı dünyada yaşadığı vaxtlar tez-tez natəmiz fikirlərə düşürdü. Səpilən toxumların cücərməsinə və başını qırxıb Yola qədəm qoymasına baxmayaraq, Kuvatori səfeh idi və elmə yaramırdı. Nadir hallarda “Sutra lotosu”nu oxuyurdu və başqa heç nə bilmək istəmirdi. Lakin sonra inam üçün gücünü toplayıb şəri rədd elədi. Bundan sonra səhərdənaxşama kimi “Sutra lotosdan” ayrılmırdı, qaş qaralandan gün doğanacan “Sutra lotosu”nu oxuyurdu. Yola təzəcə qədəm qoyduğu vaxtlar Kuvatori Ulu müqəddəs Buddanın beş və ya altı dzye hündürlüyündə heykəlini düzəltmişdi. Heykəlin qarşısında durur və “Sutra lotosu”nu oxuyurdu. Buna görə də adamlar ona Ulu Budda müqəddəsi deyirdilər. O, sonra Kuvatori dağında məskən saldı. Buna görə də ona Müqəddəs Kuvatori deməyə başladılar.

O, başqaları kimi yaşamırdı və başqaları kimi ibadət eləmirdi. Ayın bədirlənməsinə on beş gün qalmış Kuvatori zahidliyə başlayırdı və ağzına yemək almırdı, ay bədirlənəndən sonrakı on beş günün beş və ya altı günündə yemək yeyirdi. Kuvatori həmişə belə yaşayırdı və onun belə yaşaması heyrətamiz iş idi. Bir dəfə Kuvatori yüz acı şabalıd götürdü və onuncu ayın ilk günündən qazmaya girdi. Qazmadan sonrakı ilin üçüncü ayında çıxdı. Nə qədər şabalıdın qaldığına baxdılar – şabalıdların yarısı dururdu. Etiqolu adamlar, dövlətlilər və kasıblar, yuxarılar və aşağılar ona səcdə eləməyə gəlirdilər, könüllərini şad eləmək üçün onun başına yığılırdılar. Onlar təəccüb edirdilər: bu müqəddəs günlərlə necə ac qalır.

Həmin vaxtlar bir cəsarətli və cəsur qaçaq yaşayırdı. Qaçaq müqəddəsə dedi: “İnsan yeməklə yaşayır. Yeməzsənsə, içməzsənsə, ölərsən. Belə də iş olar? Sən guşənişin olub on gün, iyirmi gün yemirsən-içmirsən. Lap möcüzədi. Yemək yeməyə-yeməyə sutra oxuya bilərsənmi? Müqəddəs cavab verdi: “Qoy sən deyən kimi olsun. Gələrsən, sən istədiyin kimi eləyərik. Məni qorxutmaq çətin işdi”. Müqəddəs kimsəsiz bir komaya çəkildi. Cəsur qoçaq qapını möhkəm bağladı və çıxıb getdi. Müqəddəs düz üç ay komada qaldı, yemədi, içmədi, bayıra çıxmadı. Rahatlanmaq üçün çölə çıxmırdı, dincəlmək bilmədən Sutra oxuyurdu. Üç ay keçdi. Qaçaq gəldi, əvvəlcə qıfılı, sonra da qapını açdı. Baxıb gördü ki, müqəddəs sağ-salamatdı, gülümsəyir. Bundan sonra Kuvatorinin şöhrəti daha da artdı. Kim onu görsəydi, hörmətlə baş əyir, ehtiramını bildirirdi.

Ölüm saatı çatanda Kuvatori şagirdlərini yanına çağırdı və dedi: “Mən bu ayın on üçüncü günü öləcəyəm. Üfunətli bədənimi dəfn eləmək üçün dağlara aparsanız, böyük günaha batarsınız. Sizə əziyyət vermədən ölmək istəyirəm. “Bir xeyli çır-çırpı yığıb üstünə çıxdı, tonqal qaladı və “Sutra lotosu” oxuya-oxuya, qımıldanmadan özünü yandırdı. Sonra da tüstü ilə birlikdə yoxa çıxdı.