Evdə yaşayan ilan
Rəvayətlər. Evdə yaşayan ilan Müəllif: Şifahi xalq ədəbiyyatı |
Belə deyirlər ki, Ölən şəhərdə tək bir kişi varmış. Bu kişi hər
dərdin dərmanın, hər tilsimin sirrin bilirmiş. Kişi qocalır, ölüm vaxtı
gəlib çatır. Ölüm yatağında gözünün ağı-qarası bircə qızını yanına
çağırıb deyir:
– Qızım, mən ölürəm. Məndən sonra sənə yaşamaq çətin olacaq. Ona görə mən deyənə əməl edərsən. Bizim zirzəmidə bir ilan var. Əlini üç dəfə ilanın qarnının altına çəkərsən. Gedib ondan sonra hər şeyin sirrini biləcəksən. Xoş güzəran keçirəcəksən.
Kişi ölür. Qız atasını dəfn edir, zirzəmiyə gəlir. İlanı görüb qorxur, istəyir qaçsın. Bu vaxt ilan arxası üstə çevrilir. Qız özündən asılı olmayaraq gedib əlini üç dəfə ilanın qarnına çəkir. O gündən qız hər şeyin sirrini bilir, xoşbəxt ömür sürür.