Eyş üçün bir türfə mənzildir bahar əyyamı bağ

Eyş üçün bir türfə mənzildir bahar əyyamı bağ
Müəllif: Məhəmməd Füzuli


Eyş üçün bir türfə mənzildir bahar əyyamı bağ,
Onda tutsun qönçəvəş hər kim ki, eyş istər otağ.

Qönçələr açıldı, seyri-bağ edin, ey əhli-dil
Kim, gülüb güllər könüllər açılan çağdır bu çağ.

Səndən, ey bülbül, füzundur məndə möhnət fəsli-gül,
Sənsənü min tazə gül, hala mənü min tazə dağ.

Bağə sərvim gəldigin bilmiş səhərdən şaxi-gül,
Rövşən etmiş rəhgüzari üzrə hər yan min çirağ.

Çəksələr zəncir ilə gülzarə getmən kim, mənə
Sünbüli-zülfün fəraqından müşəvvəşdir dimağ.

Mövsimi-güldür, vəli getmən çəmən seyrinə kim,
Rovzeyi-kuyin mənə ol seyrdən vermiş fərağ.

Məhrəm olmaz rindlər bəzminə mey nuş etməyən,
Ey Füzuli, çək ayaq ol bəzmdən, ya çək əyağ.