Ey üzü gül, ləbləri mərcanımız
Ey üzü gül, ləbləri mərcanımız Müəllif: İmadəddin Nəsimi |
Ey üzü gül, ləbləri mərcanımız!
Ey gözü nərgis, şəhi-məstanımız!
Üzünə qarşı sücud eylər mələk,
Səcdəyə inkar edər şeytanımız.
Nunü eynin həq kitabıdır, vəli
Surətin nəqşidürür Qur’anımız.
Surəti-həqdir cəmalın, ey nigar,
Uş nəbinin sözləri bürhanımız.
Xızr əgər zülmətdə istər abını,
Ləblərindir çeşmeyi-heyvanımız.
Şol səfasız sufiyi gör kim, necə
Dəm urar bimə’rifət heyvanımız.
Favü zadü lamdır Fəzli-ilah,
Fəzlinə qurban edəlim canımız.
Hökmünə təslim olur canü könül,
Ey vücudum təxtinə sultanımız!
Ey Nəsimi, gövhərin xərc eyləmə,
Olmayınca müştəri cananımız.