Ey üzün “nəsrün-minəllah”, vey saçın “fəthün-qərib”
Ey üzün "nəsrün-minəllah", vey saçın "fəthün-qərib" Müəllif: İmadəddin Nəsimi |
Ey üzün "nəsrün-minəllah", vey saçın "fəthün-qərib",
Ey bəşər surətli rəhman, vey mələksima həbib!
Valehəm hüsnünə, ey mişkin saçından münfəil,
Cənnətin bağında reyhan, sünbülün çiynində tib!
Zülfü rüxsarındır ərrəhman-ələl-ərş-istiva,
Kə’bənin mehrabı qaşın, fitnəli eynin xətib.
Ənbərəfşan sünbülün əsrarı oldu aşikar,
Gəldi ruhüllahü mənsux oldu zünnarü səlib.
Surətin lövhindən endirdi kitabı Cəbrəil,
Ey camalın həq kəlamı, innəhü-şey’ün-əcib.
Aşiqin əsrarını, həqqi bilən arif bilir,
Aşina halın nə bilsin nəfsini bilməz qərib.
Kim ki, sevdasından oldu sayru şəhla gözlərin,
Şərbəti şirin ləbindir, Isəvi nitqin təbib.
Xubların eşqindən, ey zahid, məni mən’ eyləmə,
Çün mana eşq eyləmiş qismət günündə həq nəsib.
Ey ədib, uy vermə adabından əhli-vəhdətə,
Əbsəm ol, niçün ki, eşq adabını bilməz ədib.
Cənnəti-ədnin gülüstanı rüxündür, şək deyil,
Ey gülüstanında ruhüllahi-rizvan əndəlib.
Ey Nəsimi, çün rəfiqin Fəzl imiş, yə’ni ilah,
Lütf ilə qəhr oldu vahid, həm həbib oldu rəqib.