Ey şəmi-bəzmi-matəmə pərvanə, ya Hüseyn
Ey şəmi-bəzmi-matəmə pərvanə, ya Hüseyn Müəllif: Molla Hüseyn Dəxil |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Ey şəmi-bəzmi-matəmə pərvanə, ya Hüseyn!
Ey od salan müsibəti hər canə, ya Hüseyn!
Abbas xatirinə o qanlı cəmaluvi,
Ver bir nişan bu qəlbi-pərişanə, ya Hüseyn!
Ta bir yerə yığım bu pərişan xəyalımı,
Bais olum bir də çün əfğanə, ya Hüseyn!
Bişək salır təvəccöhə insani-kamilin,
Cismi-cəmadi surəti-insanə, ya Hüseyn.
İnsafdır üzümə gözüm yaşı axmaya,
Amma sənin qanın axa hər yana, ya Hüseyn?!
Hansı imam şiəsin istər sənin kimi,
Razı olub bu zülmi-nümayənə, ya Hüseyn?
Əkbər kimi cəvan oğula geydirər kəfən,
Zülfünə öz əliylə vurar şanə, ya Hüseyn.
Min üzr ilə anası əlindən alır onu,
Yollar başı kəsilməyə meydanə, ya Hüseyn.
Hansı imam xeymələrin odlayıbdılar,
Övladını töküblə biyabanə, ya Hüseyn.
Övrət, uşaq, gəlin, qız əyalı ayağ yalın,
Qaçdılar qorxudan hərə bir yanə, ya Hüseyn.
Bir iltifat qıl bu zəlilə, Dəxilinəm,
Misgin gəlib bu xaki-giranmanə, ya Hüseyn?