Ey əmi
Müəllif: Şair Əbülfət
Mənbə: "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.

Mən fələkdən gileyliyəm
Əzəl başdan, ey əmi!
Gözlərimdə nur qalmadı
Axan yaşdan, ey əmi!
Bayquşların bayramıdı
Dünya binnət olandan;
İnsan oğlu cana gəldi
Boş təlaşdan, ey əmi!

Vəsiyyətim səndə qalsın
Əhdi-peyman eşqinə.
Allah özü sirr açmayıb,
Açma, Quran eşqinə!
Uçurmuşam könül quşun
Sirri-sübhan eşqinə;
Gözləyirəm mətləbimi
Qara daşdan, ey əmi!

Müxtəsəri, mən də deyim,
Çoxdu küsən dünyada;
Bəxtinə qane olub,
Varmı susan dünyada!?
Dərdü qəmə mübtəladı
Ağlı kəsən dünyada;
Əbülfətin ağlı çaşıb,
Gedib huşdan, ey əmi!