Ey əsgər (Əhməd Cavad)
Ey əsgər (Əhməd Cavad) Müəllif: Əhməd Cavad |
Mənbə: Əhməd Cavad. "Seçilmiş əsərləri" (PDF) (az.). Şərq-Qərb. 2005. 2018-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-27. |
Dağa, daşa sancağını öpdürüb
Duman kimi bu dağları bürüdün!
Dənizlərə salam rəsmi yapdırıb
Göylərdəki bulud kimi yürüdün!
Yürü, yürü batan günün izinə!
Gülüm səyir doğan Günəş yüzünə!
Baş əydi bax, toplarının səsinə
Yad ellərin yıldırımı, şimşəyi!
Quzğun kimi qurumağa başladı
Səni görən cəlladların biləyi!
Yürü, yürü batan günün izinə!
Gülüm səyir doğan Günəş yüzünə!
Arslan kibi saldırdığın düşmana,
Ər oğlu ər olduğunu göstərdin!
Fələk bu gün uyğun sana diyor ki,
Türk əsgəri, sən böyləmi istərdin?!
Yürü, yürü batan günün izinə!
Gülümsəyir doğan Günəş yüzünə!
Qardaşlığın fərmanına baş əyib,
Məzlumların imdadına yetişdin!
Qaranlıqda süngün sana yol açdı,
Sən о yoldan muradına yetişdin!
Yürü, yürü batan günün izinə!
Gülümsəyir doğan Günəş yüzünə!
Ey Türk, sənin hansı dində olduğun,
Minarəyə buyur, bizə söyləsin!
Eşitməyən qulaqlara səsini
Əsən yelə buyur, xəbər eyləsin!
Yürü, yürü batan günün izinə!
Gülümsəyir doğan Günəş yüzünə!
Şu qarşıkı duman çıxan bacadan
Sən gələndən iniltilər çıxardı!
Geciksəydin, məzlumların fəryadı
Yeri, göyü, kainatı yıxardı!
Yürü, yürü batan günün izinə!
Gülümsəyir doğan Günəş yüzünə
Ey Türk, bana sevda çiçək bu şeylər,
Göydə hilal, yerdə sənin sancağın!
Durnalarla göndərdiyim salami
Yetirdimi, sana ninen torpağı?!
Yürü, yürü batan günün izinə!
Gülüm səyir doğan Günəş yüzünə!