Ey Göy gölüm (1925)
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad (2005). in Əli Saləddin: Seçilmiş əsərləri (az). Bakı: Şərq-Qərb, 296. ISBN 9952-418-24-5. 17 iyun 2021 tarixində arxivləşdirilib. 9 dekabr 2023 tarixində istifadə olunub.

Ey Göy gölüm,
Ey göy gülüm!
Qoy göyərib,
Qoy mən ölüm!

Assınlar məni!
Kəssinlər məni!
Qoy türmələrə
Bassınlar məni!

Neynirəm könlü?
Neynirəm dili?
Səndən yazmasam
Neynirəm əli?!

Nəsən, kimsən sən?
Nisgilimsən sən!
Qoy açıq deyim,
Sevgilimsən sən!

Borana düşdüm,
Yüz qana düşdüm!
Adını çəkdim,
Zindana düşdüm!

Könlüm tel olsun!
Yaşım sel olsun!
Bu dar qəfəs də
Qoy Göy göl olsun!..