Ey Pəri, dəhrdə yox sən kimi bir cananə

Ey Pəri, dəhrdə yox sən kimi bir cananə
Müəllif: Məhəmməd bəy Aşiq
Aşıq Pəriyə


Ey Pəri, dəhrdə yox sən kimi bir cananə,
Tən edir mehri-rüxün göydə məhi-tabanə,
Gərçi bihədd görürəm lütfünü hər insanə,
Piri-bifaidədir uyma Məlik Aslanə,
Ol gələn yar genə mən təki biroğlanə.

Çün sənin qədrini Fərhad ilə Şirin bilməz,
Mirzəcan bilsə də yüzdən o da birin bilməz.
Mirzə Məmməd dəxi o fəthə və zirin bilməz,
Kim ki, məşuq ola öz zülfi-əsirin bilməz.
Rəng ilən salmagilən sən buları böhtanə.

Mən sənə hər nə deysəm mehrü məhəbbət sözüdür,
Sən mana yazdığın əfsanəvü möhnət sözüdür,
Gər desəm həmdəm olaq bil ki, müvəddət sözüdür,
Bir zaman ərzim eşit, gör necə ülfət sözüdür,
Tövsəki-əqlini fikr ilə gətir cövlanə.

Sən təki şux münasibdi ki, məstanə gələ,
Əldə sazü məzəvü sağərü peymanə gələ,
Aşiqi-məst görüb din ilə imanə gələ,
Kim gərək doqquz ola başı meydanə gələ,
Özünə qurrələnib girmə bizim meydanə.

Sana şiyəstə odur, kim tapasan əhli-vəfa,
Cani-dildən edəsən eşq təriqini rəfa
Olasan yar ona, etməyəsən cövrü cəfa,
Dövri-fanidə sürüb bir neçə gün səfa,
Əhli-haldan özünü tutmayasan biganə.

Qəmzən əyyardır, ey şux, cahan bilməzsən,
Ləblərin tökdüyü nahəq yerə qan bilməzsən,
Öldürürsən məni, heç ahü aman bilməzsən,
Məsti-çeşmin sənin ey afəti-can bilməzsən,
Nə zamandır ki, edib könlüm evin viranə.

Ey gözəl, mehrin ilə mən olalı pabəstə,
Hicrdən daim olub can ilə könlüm xəstə,
Nə yazım mən, nə deyim sən təki bir sərməstə,
Zülf zəncirini göstərmə mana peyvəstə,
İstəmə kim edəsən Aşiqini divanə.