Ey dəhanı şəkər, ləbləri badə

Ey dəhanı şəkər, ləbləri badə
Müəllif: Molla Vəli Vidadi
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11.

Ey dəhanı şəkər, ləbləri badə,
Gün camalın eşq əhlinə ayinə.
Üzün gördü şeyda könül məst oldu,
Nə hacət ki, həşr olunca ayinə.

Səni məndən, məni səndən sanaram,
Tanrı üçün uzaq tutma sən aram.
Vüsalından ayrılalı sanaram,
Yetə bilməm həftəsinə, ayına.

Sənsiz mənə dolandıqca sal sənə,
Əşkim dərya, cismim oldu sal sənə.
Nolur niqabını üzdən salsənə
Günəş göydə səcdə qıla, ay enə.

Neçin kəsdin sinəm üstən ayaqlar,
Üzün göstər, sərməst olsun ayıqlar.
Həsrət çeşmim, qan-yaş tökər, ay ağlar,
Gördüm ola bir də üzün, ayə, nə?

Vidadiyi-xəstə oxu miyandır.
Qur sən tər sadağın oxumu yandır,
Kim hüsnün kitabın oxumayandır,
Nə bilir ki, hədis nədir, ayə nə?